Hacı Nuran arzusunu reallaşdıracaq

Almaniyada müalicə olunan teleaparıcı Hacı Nuran Hüseynov vətənə gəlir. SİA-nın məlumatına görə, aparıcı bu barədə sosial şəbəkədə yazaraq müvəqqəti olaraq Azərbaycana gələcəyini, sonra yenidən müalicə olunduğu Düsserdolf şəhərinə qayıdacağını bildirib: "Əziz və sevimli dostlarım! Bildiyiniz kimi, neçə müddətdir ki, Almaniyanın Düsseldorf şəhərində yerləşən "UNİKLİNİK"də ağır xərçəng xəstəliyi ilə mübarizə aparıram. Son vaxtlar səhhətim daha da pisləşib, özümü çox pis hiss edirəm. Həkimlər də məsləhət gördülər ki, bir az ab-havamı dəyişim. Neçə vaxtdır, Azərbaycana, heç olmasa, bir saatlıq gəlmək arzusu ilə yaşayıram. Dünən yanıma gələn Avropa Oyunları (Bakı-2015) Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov mənim arzumu həyata keçirdi. İnşallah, mən sabah (28.09.2015) saat 21:10-da Almaniyanın "Lufthansa" hava yollarının Frankfurt-Bakı aviareysi ilə bir neçə günlük Azərbaycana gəlirəm. Sonra müalicə və transplantasiya üçün təkrar Almaniyaya qayıdacağam. Görüşənədək...".

Qeyd edək ki, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən H.Nuran Almaniyada müalicə alır. O, fevralda Bakıya qayıtmışdı. Ötən ay yenidən Almaniyaya müayinəyə gedən Hacı Nuranın xəstəliyinin irəlilədiyi bəlli olub. O, bir neçə müddət əvvəl səhhətinin daha da pisləşdiyini, reanimasiya şöbəsinə yerləşdirildiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə