Habil Əliyevlə vida mərasimi keçirilib

Habil Əliyevlə vida mərasimi keçirilib

Bu gün xalq artisti Habil Əliyevlə vida mərasimi keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Dövlət Filarmoniyasında keçirilən vida mərasimində sənət aləminin tanınmış simaları, mərhumun ailəsi iştirak edib.

Kaman ustası H.Əliyevin xanımı Şərqiyyə Əliyeva mediaya açıqlama verib. O, həyat yoldaşı ilə bağlı xatirələrini bölüşüb: "Habilin ömrü bura qədər imiş. İnsanlar onu çox sevirlər. Ona görə də Habilin xatirəsi, sənəti, kamançası hər zaman yaşayacaq. Habil heç nədən nigaran getmədi. Həmişə deyirdi ki, həyatda mənə hər şey qismət olub. Xalq da, dövlət də Habili çox sevib, çox qiymətləndirib. Deyirdi, ayağa duran kimi, jurnalistləri evə yığıb, hamısına qonaqlıq verəcəyəm. Mənimlə çox maraqlanırlar".

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Habil Əliyevin keçdiyi həyat yolundan bəhs edib və mərhum sənətkarın yaxınlarına başsağlığı verib.

Daha sonra mərasimdə söz alan Bəstəkarlar İttifaqının sədri və xalq artisti Firəngiz Əlizadə, xalq artistləri Canəli Əkbərov, Arif Babayev, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi unudulmaz sənətkar Habil Əliyev haqqında bəhs edərək onun kimi insanın yenidən dünyaya gəlməyəcəyini bildiriblər və mərhuma rəhmət diləyiblər.

H. Əliyev "I Fəxri xiyaban"da dəfn olunub.

Qeyd edək ki, kaman ustası Habil Əliyev səhhətində yaranan problemlərə görə avqust ayının 15-də ürək və tənəffüz çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Daha sonra ifaçının səhhəti normallaşmış, müayinəsini evdə davam etdirməsi üçün avqustun 22-də evə buraxılmış, bir neçə gün əvvəl isə yenidən komaya düşmüşdü.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə