Şair: “Gənclər ədəbiyyatda yetəri qədər sözlərini deyə bilirlər" MÜSAHİBƏ

Şair: “Gənclər ədəbiyyatda yetəri qədər sözlərini deyə bilirlər" MÜSAHİBƏ
Şair-bəstəkar Tural Bayraməliyevin SİA-ya müsahibəsi

- Sizcə, gənc nəsil ədəbiyyatda sözünü yetərincə deyə bilirmi?

- Fikrimcə indiki cavanlar ədəbiyyatda yetəri qədər sözlərini deyə bilirlər. Çünki açıq fikirlidirlər.

- Bəzən cavan və yaşlı nəsil arasında soyuq yellər əsir. Yaşlı nəslin tənqidinə necə yanaşırsız?

- Mən yaşlı nəslin mövqeyini önəmsəyirəm. Hətta böyük yaş fərqi ilə dostluq etdiyim qələmdaşlarım var. Onlarla fikir mübadilələri aparırıq. Onu da deyim ki, ilk şeirlərimi yazanda onlarla məsləhətləşmişəm. Yazıçılar Birliyinin sədri Anar müəllimin tövsiyələrinə biganə deyiləm. Kitablarını oxumuşam. Yaxşı əsərlərin yazılması bizim yaradıcılıq inkişafımıza verilən töhfədir. Hər bir deyilən və yazılan söz bizim vətəndaş mövqeyimizin göstəricisidir. Ona görə də, yüz düşünüb, bir danışmaq vacibdir.

- Qələm adamı həssas olur. Siz Yazıçılar Birliyinin üzvü olaraq ölkədə baş verən ictimai, siyasi hadisələrə necə yanaşırsınız?

- Vətənimizin sevincinə, uğuruna sevindiyim kimi, acısına da təbii ki, üzülürəm. İctimai-sosial problemlərə biganə deyiləm. Şükürlər olsun ki, ölkəmizdə əmin-amanlıq hökm sürür. Bunun da səbəbi düzgün idarəçilik sturukturu quran və idarə edən dövlət başçımızdır. Özümüz də şahidik ki, ölkə başçımız xalqın problemləri ilə maraqlanır. Hər kəsin firavan həyat yaşamasını təmin edir.

-Yaradıcılıq istedadı olan məmurların rəsmi və qeyri-rəsmi tərəfləri nə ilə seçilir və onların yaradıcılığı iş prinsipini ləngidirmi?

- Onların rəsmi tərəfləri tutduğu vəzifədən asılıdır. Qeyri-rəsmi tərəfləri isə normal həyat tərzi yaşayan, ən əsası sevən bir qəlbinin olmasıdır. Onların ürəkləri kimisini şeir yazmağa, kimisini mahnı bəstələməyə, kimisini isə rəsm çəkməyə vadar edir. Bəzən onlar üçün bir əsər yaratmaq bir ömür sevincinə bərabər olur. Heç nə ilə kifayətlənməyən bir ürəyin çırpıntısını, acısını, kədərini bir not dindirməyə bəs edir. Bu onların rəsmi işlərində stimul yaradır. Ləngitmir, əksinə daha da işlərini uğurla davam edirlər.

-Şairlik prinsipiniz hansısa ictimai-siyasi məsələnin həlli istiqamətində sizi məmura çevirə bilər?

- Şairlik özü bir növ ictimai gündəmdə olan söz sahibinə şamil olunur. Siyasətlə heç zaman əlaqəm olmayıb. Amma içimdə sevgidən yaranan hisslər olub ki, hər zaman istəmişəm xalqıma, dövlətimə, vətənimə layiqincə xidmət edim. Buna qələmə aldığım vətənpərvər şeirlərimdə də rast gələ bilərsiz. Qismət Allahdan, kim bilir, bəlkə bir gün ola bilər.

- Ölkəmizdə keçirilən "Bakı-2015" İlk Avropa Oyunlarına maraq göstərdiniz?

- Əlbəttə. Hər bir ölkəni dünyada tanıtdıran iki amili var – biri mədəniyyəti, digəri isə idmanıdır. İlk Avropa oyunları çox təmtəraqlı və mötəbər yarış oldu və bütün dünyaya səs saldı. Bundan gözəl uğur ola bilər? Bir anda Azərbaycanımız dünyaya günəşin şəfəqləri kimi yayıldı. Yenidən bu oyunların keçirilməsini səbirsizliklə gözləyirəm. Ölkəmizin uğuru hər birimizin naliyyəti deməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə