Öncəgörücümüz mükafatlandırıldı

Öncəgörücümüz mükafatlandırıldı
Azərbaycanın Vanqası kimi tanınan məşhur öncəgörücü və şəfaverici Nuridə Qurbanovanın Bakıda təntənəli mükafatlandırma mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, mükafatlandırma mərasimində Rusiya və Ukraynadan olan qonaqlar, aralarında Mübariz Tağıyev və Eldar Mansurov kimi şəxsiyyətlər olan mədəniyyət, incəsənət və elm nümayəndələri iştirak ediblər. N. Qurbanova həmin gün 44 yaşını bayram ab-havasında qeyd edib. Zal orijinal gül kompozisiyaları ilə bəzədilmişdi, qonaqlara "Cəngi" rəqs qrupunun, müğənnilər Ədalət Şükürov, İzzət Bağırov, Novruz Novruzlu, Amil Həsənoğlu və digərlərinin iştirakı ilə maraqlı konsert proqramı keçirilib. Mərasimin aparıcısı teleaparıcı Ruslan Həsənov olub.

Ukrayna Pravoslav Kilsəsinin Kiyev Patriarxlığının mətbuat mərkəzinin katibi Vladimir Yatsulçak N. Qurbanovaya Ukraynada mənəviyyatın dirçəldilməsində xidmətlərinə görə Müqəddəs Apostola bərabər knyaz Böyük Vladimir ordenini təqdim edib.

Rusiyadan olan qonaqlar – Sergey Nabataov və "Komsomolskaya pravda" nəşrinin nümayəndələri Tatyana Yulmasova və Marina Anikeyeva Beynəlxalq "Slava Rossiyi" ictimai tanınma mükafatının Təltiflər Komitəsinin adından tibbin inkişafında xidmətlərinə görə "Hippokrat" ordenini təqdim ediblər.

Çıxış edənlər vurğulayıblar ki, N. Qurbanova Rusiya və Ukraynada fəaliyyəti dövründə ictimai fəaliyyətdə və tibb sahəsində önəmli uğurlar əldə edib, elm dünyası tərəfindən tanınıb və xilas edilmiş insanların minnətdarlıqlarını qazanıb.Həmçinin qeyd edilib ki, N. Qurbanova yüksək mükafatlara da layiq görülüb. "INTERSAFETY" ("Beynəlxalq Təhlükəsizlik") Komitəsinin və Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Təltiflər İttifaqının (UNCOPA) Təltiflər Şurasının qərarına əsasən N.Qurbanova "Qızıl qartal" ordeni ilə mükafatlandırılıb. Bu orden beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi işində göstərilən xidmətlərə, eləcə də narkomaniya, ekoloji cinayətlər və müasir qlobal təhlükələrə qarşı mübarizədə verilən töhfəyə görə təqdim edilir. N.Qurbanova, həmçinin sağlam həyat tərzinin qorunması, xalq təbabətinin inkişafı və ictimai təhlükəsizliyin təmin edilməsi işində göstərdiyi xidmətlərə görə "Sülh missiyasının səfiri" adı verilməklə "Cəmiyyət qarşısında xidmətlərinə görə" qızıl medalı ilə mükafatlandırılıb.

N.Qurbanova belə yüksək mükafatlara görə minnətdarlığını bildirib və qeyd edib ki, Rusiya və Ukraynada uzun müddət işlədikdən sonra Vətənə qayıdıb və burada cəmiyyətin inkişafı, eləcə də insanların sağlamlığı naminə məhsuldar fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, mərasim tortun kəsilməsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə