Sənətçimiz hansı “Səhv”i etdi?

Sənətçimiz hansı “Səhv”i etdi?
Müğənni Aytac Vidadiqızı "Error" (Səhv) yeni mahnısını izləyicilərinin ixtiyarına verib. SİA-ya açıqlama verən ifaçı repertuarında daha çox lirik mahnılara üstünlük verdiyini söyləyib: "Ritmik mahnılara qarşı çox kaprizliyəm. Yaxşı mahnılar axtarışındayam. İnanıram ki, lirik bəstələrim kimi, ritmik mahnılarım da hit olacaq. Mahnı əsl yay əhval-ruhiyyəlidir. Həm yay olduğu üçün, həm də repertuarımın zənginliyi baxımından bu mahnıya müraciət etdim. Hesab edirəm ki, xarakterimə uyğun olmasa da, reperturımda həm lirik, həm də ritmik mahnılar olmalıdır. Onu da deyim ki, bu bəstəyə ekran işi çəkdirməyi düşünmürəm. Çünki hazırda əksəriyyət xaricdə, bağda istirahət edir. Çox az kütlə televiziya qarşısında oturur. Klipləri təqdim edə biləcəyimiz ayrıca musiqi kanalımız yoxdur. Yerli telekanallarımızda da klip saatları olmur. Ən əsası isə, özüm də istirahətə yollanıram. Klip çəkilişlərinə başlamaq isə uzun-uzadı vaxt aparır. Paltarların hazırlanması, məkanın seçilməsi, komandanın yiğılması, montaj və s. Bu istilərdə buna səbrim çatmaz. Yay ayları bitsin, sentyabrdan klip çəkilişləri və yeni mahnılarım olacaq".

Qeyd edək ki, "Error" mahnısının musiqisi Fərid Kərimliyə, sözləri isə Arzu Yəhyayevə aiddir. Mahnıda müğənnini Türkiyənin ən məşhur musiqiçiləri müşaiyyət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə