Bəstəkar: “I Avropa Oyunlarını ailəmlə birgə canlı izləyəcəm” MÜSAHİBƏ

Bəstəkar: “I Avropa Oyunlarını ailəmlə birgə canlı izləyəcəm” MÜSAHİBƏ

Bəstəkar Tural Bayraməliyevin müsahibəsini SİA-ya oxucularına təqdim edirik:

- Sizi həmkarlarınızdan fərqləndirən nədir?

- Yaradıcılığımda şeir və bəstələrim eyni mahiyyəti daşıyır. Hər ikisinə eyni baxışdan yanaşıram. Son aylar bir-birinin ardınca meydana çıxan musiqi əsərləri və onlara yazılan sözlər, həmin zamanın payına düşür. Yəni, nə vaxtsa yazıb, sandıqdan indi çıxartmıram. Yaradıcılıq xüsusiyyətim belədir ki, bir şeir və bəstəylə qane olmuram. Hesabat mənim yaradıcılıq pridmetimi ola bilməz. Kiminsə yaradıcılığına baxıb, qonşudan geri qalmamaq prinsipi yaradıcılığıma tamamilə ziddir. Özü gəlib qapımı döyür. Bəzi yaradıcı insanlarla ünsiyyətdə olan zaman şahidi olmuşam ki, royalın arxasında oturub, nəsə axtarırlar. Bu cəhətdən mənim yaradıcılığım fərqlidir. Əlimə qələm alıb, saatlarla düşünməmişəm ki, ağlıma gələn münasib fikri cümlələrə düzüm. Bir ayda üç mahnı yaza bilərəm. Amma elə zaman olub ki, aylarla nə şeir, nə də musiqi yaranıb. Özü gəlib qapımı döyüb, məni tapanda, zamanıdır, deyə düşünmüşəm. Eşitdiyiniz mahnıların hamısı belə yaranıb.

- Deyilənlərə görə, mahnılarınızı satmırsız. Doğrudur?

- Bəli, bunu xüsusi vurğulamaq istəyirəm ki, mahnılarımı satmıram. Hansı müğənni mahnımı səsləndiribsə, onu layihə şəklində, aranjiman etdirərək, ona təqdim etmişəm. Aranjiman işi Türkiyədə peşəkar musiqiçilər tərəfindən aparılıb. Müğənnilərin kimliyini də özüm seçirəm. Demək olar ki, bütün hazırlanma proseslərində özüm yaxından iştirak edirəm. Yaradıcılıq məhsulumun qayğısına belə qalıram (gülür). Mənə bir çox sayda müğənnilər müraciət edir. Səsini bəyənmədiyim müğənni ilə çalışmıram. Bu məsələyə artıq daha ciddi yanaşıram.

- Mahnılarını özünə bu qədər doğma bilən müəllifin kaprizli müğənnilərlə çalışmağı çətin deyil ki? Müdaxilələrə yol verirsiz?

- Mahnılarıma bir balaca müdaxilə olsa, onda o, mənimki olmaqdan çıxır. Hər şeyi nizamında ifaçıya təqdim etdiyim üçün müdaxiləyə ehtiyac qalmır. Həm də buna icazə vermirəm. Artıq mənimlə çalışan sənətçilər bu xüsusiyyətimə bələddirlər. Günay İbrahimli ilə mahnı hazırlanarkən, mənə "mən kapriz göstərməkdən, siz məndən betərsiz" dedi. Doğrudan, mən müğənnilərdən də betər tələbkar və kaprizliyəm. Vaxtilə mahnımı təqdim edib, kənara çəkildiyimdə baxırdım ki, yaradıcılıq məhsulum mənimki olmaqdan çıxır, yadlaşır. Melodiyanı mən yazıram. Mahnının tərkibində hansı alətləri, gəzişmələri görmək istəyirəmsə, onu əldə etməyə çalışıram. Peşəkar müdaxiləsi olanda isə hörmətlə yanaşıram. Hər detalına həssas yanaşdığım üçün mahnılarım uğur qazanır.

- Türkiyədəki musiqiçilərlə çalışırsız. Burda sizi qane etməyən nədir?

- Peşəkar musiqiçilərimizin olduğu danılmazdır. Mən dinləyicinin tələbatını nəzərə alıram. Burda əsas söhbət texnikanın inkişafından gedir. Bunun sayəsinə türkiyəli musiqiçilərin konsert layihələri davamlı uğurları, inkişafı ilə seçilir. Bizim musiqiçilər hər gün toy səhnəsindədir. Bəzən, mahnılarımı dəyişib, toy mahnıları səviyyəsinə gətirib çıxarırlar. Bu da özününkü olmaqdan çıxır. Bir növ bayağılaşdırırlar. Mahnı müasirliyini, özəlliyini itirir. Musiqini inkişaf etdirməliyik, onu yalnız toy səhnəsində məhdudlaşdırmamalıyıq.

- Gənc həmkarlarınızın yaradıcılığını izləyib, onlarla rəqabətə girirsiz?

- Nə qələm adamları, nə də musiqiçilərlə rəqabətə girmirəm. Səməd Vurğun, Fikrət Əmirov və s. şəxsiyyətlərin dövründə yüzlərlə şairi, bəstəkarı olub. Amma o zamandan indiyə qalan məhz istedadlı və işinə peşəkar səviyyədə yanaşmağı bacaranlar olub. Bu gün kimin daha yaxşı yazdığını, musiqi sənətinə öz tövhəsini verənləri ictimaiyyət və zaman formalaşdıracaq. Mən hər mənada hər şeyin yaxşısını düşünürəm.

- Son bir neçə ay yaradıcılığınızda fasilə oldu. Bunun arxasında sadəcə bir boşluq durur, yoxsa böyük layihələr?

- Mənim fəaliyyətim sırf mahnı yaradıcılığı üzərində dayanmayıb. Başqa işlərim də var. Həm bu nöqteyi nəzərdən, həm də bir müddət Bakıda olmadığımdan mahnı fəliyyətimə ara vermişdim. Layihələr müəyyən fasilələrlə hər zaman nəzərdə tutulub. Yaxın günlərdə də olacaq. Hələlik xalq artisti Brilliant Dadaşova ilə hazırlanan mahnıdan danışa bilərəm. Mahnı Türkiyədə aranjiman olunub. Bu günlərdə lentə yazılacaq. Brilliant xanım etiraz etməsə, düşünmüşük ki, mahnı hazır olandan sonra onun klipi Londonda çəkilsin. Qərara gəlmişəm ki, bundan sonra ekranlaşdırılacaq mahnılarımın rejissor işini Aqil M.Quliyevə həvalə edim. Onunla daha bir ekran işimiz nəzərdə tutulub ki, həmin layihənin ifaçısının adını hələlik sirr saxlayıram.

- Çalışdığınız müğənnilərlə sizi yalnız yaradıcılıq münasibəti birləşdirib, yoxsa dostluq etdiyiniz, dərdləşdiyiniz sənətçilər var?

- Kişi sənətçilərin bir qismi ilə dostluq edirəm.

- Sabahdan ölkəmizdə birinci Avropa Oyunları başlayır. Bildiyimizə görə, idmanla bağlılığınız olub.

- Zamanında peşəkar kikboksla məşğul olmuşam. Yığma komandada çalışmışam. 2005-ci ildə Yaltada keçirilən dünya çempionatında bürünc medala layiq görülmüşəm. Dəfələrlə beynəlxalq turnirlərdə qızıl medal mükafatçısı olmuşam. İndi həvəskar kimi məşğul oluram. Onu da deyim ki, çox sevinirəm I Avropa Oyunları, məhz Odlar Diyarında keçirilir. Ölkəmizin adı ilə bağlı olan hər bir nailiyyət bir vətəndaş kimi məni ürəkdən sevindirir və bu cür mötəbər tədbirlərdə vətəndaş dəstəyi göstərməyə hazıram. Eyni zamanda ailəmlə yarışları stadiondan canlı izləyəcəyik.

Bütün xəbərlər Facebook səhifəmizdə