Flora Kərimova klipini təqdim etdi

Xalq artisti Flora Kərimova "Səni gözləyəcəm" adlı yeni klipini media mənsublarına təqdim edib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə bəstəkar Sevinc Tofiqqızı, rejissor Nail Naiboğlu və başqaları iştirak edib.

Mərasimi giriş sözü ilə açan səbəbkar bu bəstəyə ürək qoyduğunu dilə gətirib: " "Səni gözləyəcəm" mahnım və klipim ümid edirəm ki, tamaşçılar tərəfindən seviləcək. Bu bəstəni səsləndirən zaman ürəyimi və hisslərimi ortaya qoydum. Məncə uğurlu iş alındı. Mənə bu işdə dəstək olan hər kəsə təşəkkür edirəm".

Daha sonra tədbirdə söz alan mahnının bəstəkarı Sevinc Tofiqqızı xalq artisti ilə bir araya gəldiyindən məmnunluq hissi keçirdiyini vurğulayıb: "Flora xanımla işləmək çox gözəldir. Özü kimi səsi də dəyərlidir. Düşünürəm ki, işbirliyimiz axırıncı yox, axarıncı olar".

Klipin rejissoru Nail Naiboğlu da ekran işi haqqında fikirlərini bildirib: " "Səni gözləyəcəm" klipi maraqlı layihə oldu. Bu işi təmannasız etdim. Çünki Flora xanım kimi sənətkarla çalışmaq çox gözəldir. Fikrimcə, hər kəsin marağına səbəb olan ekran işi olacaq".

Qeyd edək ki, "Səni gözləyəcəm" adlı mahnının sözləri Qənirə Paşayevaya aiddir.

Bütün xəbərlər Facebook səhifəmizdə