Şou-biznesin məşhur simaları baş vermiş yanğın hadisəsi ilə bağlı fikirlərini dilə gətirib.
Xalq artisti Faiq Ağayev: "Dəhşətli gün oldu. Fəxarət yerinə zülm yedirtdi. Alov bu dəfə neçə evin çırağını söndürdü. Allah rəhmət eləsin!"

Müğənni Elgün Hüseynov: "16 mərtəbəli binanın yanaraq külə dönməsi xəbərini eşidəndə az qala ürəyim partlasın. Dərhal hadisə yerinə getdim və olanların şahidi oldum. Çox dəhşətli mənzərələrlə qarşılaşdım. Artıq camaatın yola baxan pəncərəsi yox idi. Neçə ailə evini itirmişdi, bina sakinlərinin həyətlərində saxladıqları maşınları kül olmuşdu. Xalqımın başı sağ olsun. Allah bizi növbəti bəlalardan saxlasın. Tanrıdan zərərçənlərə səbr diləyirəm".

Müğənni Elton Hüseynəliyev: "Nə qədər ağlayıb, sızlasaq da, ürəyimiz sakit olmur. Çünki ölənləri qaytarmaq olmayacaq. Hadisə zamanı dünyalarını dəyişən insanların yaxınlarına Allah səbr versin. Çox ağır dərddir. Kaş bu hadisə olmazdı. Analar uşaqları üçün ağlar qalmazdı. Hər yaşadığımız günə şükür etməliyik".

Müğənni Aysel Əlizadə: "Bu hadisə həqiqətən sözün bitdiyi yerdir. Allah xalqımıza birdə belə ağır günlər yaşatmasın. Allah yaralananların şəfasını versin. Başımız sağ olsun Azərbaycan!"

Prodüser Tolik: "Hadisə zamanı yanğın söndürənlər və xilasedicilərin əməyi böyükdür. Onlar da xəsarət alaraq, tüstüdən zəhərləndilər. Allah xilasedicilərimizi və camaatımızı qorusun. Yanğın zamanı ürək ağrıdan məqamlar çoxdur. Ən pisi körpə uşaqların ölməsi oldu. Həmin körpələrə qurban olum. Onların yerinə mən ölərdim".

Teleaparıcı İlkin Həsəni: "Günün qəhramanlarını yada salaq. Həyatlarını riskə atıb, həyat xilas edən hər kəs qarşısında baş əyirəm. Var olun!"

Telaparıcı Günel Hümbətova: "FHN-in bir neçə əməkdaşı aldığım məlumata görə, yanğın zamanı zədə alıblar. İşlərini vicdanla yerinə yetirdikləri üçün vətəndaş kimi təşəkkürlərimi bildirirəm. Belə bir gündə hamımız bir olmalıyıq. Bir-birimizin dərdinə şərik çıxmalıyıq".

Teleaparıcı Vüsalə Əlizadə: "Heç olmasa bele vaxtda artıq əskik danışanlar sussun. Canından can itirən analara, körpələrə yanıram. İnsanlar evlərindən oldu. Səslər qulağımdan getmir. Yanan binanın görüntüsü dəhşətdir. Allahım səbr ver".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB