Bu gün Beynəlxalq Muğam Mərkəzində "İlk Avropa Oyunları qədim Bakı torpağında" adlı mahnının və klipin təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasimdə gənclər və idman naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri İnam Kərimov, bir sıra təşkilatların rəhbər şəxsləri, media mənsubları və başqaları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan gənclər və idman naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov mahnı və klip haqqında danışıb:"Azərbaycan və Avropa tarixində ilk dəfə keçiriləcək bu oyunlara incəsənət nümayəndələrinin dəstək vermələri təqdirə layiq haldır. Klip Avropa Oyunları ərəfəsində bəstəkar və müğənnilərimiz tərəfindən çox gözəl hədiyyədir. İnanıram ki, bu klipi tək idman azerkeşləri deyil, bütün insanlar maraqla izləyəcək".
Mərasimdə çıxış edən ASAN xidmətin sədri İnam Kərimov Avropa Oyunları və klip barədə fikirlərini dilə gətirib: "Azərbaycanda idmana dövlət qayğısı və bu sahəyə maraq ilbəil artmaqdadır. Qitə tarixində ilk dəfə olaraq, məhz Bakıda keçiriləcək I Avropa Oyunları ölkəmizin beynəlxalq aləmdə tanınmasında növbəti uğurlu addım olacaq. Düşünürəm ki, bu gün təqdim olunan mahnı və klip idmançılarımızda xoş əhval-ruhiyyə yaradacaq".
Tədbirdə səbəbkarlar yəni xalq artisti Samir Cəfərov və Sevda Ələkbərzadə klip haqqında söz açaraq uğurlu işə addım atdıqlarını bildiriblər. Qeyd ediblər ki, I Avropa Oyunlarının ölkəmizin tarixində ən qürurverici hadisədir. Yarışların başlanmasına adi insanlarla yanaşı incəsənət adamlarının da səbirsizliklə gözlədiklərini vurğulayıblar.
Nəzərinizə çatdıraq ki, "İlk Avropa Oyunları qədim Bakı torpağında" adlı mahnının sözləri Cəlal Qurbanovun, musiqisi Muxtar Abseynovundur.
Qeyd edək ki, mərasimin sonunda akapella və fləşmob təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB