İlqarədən yeni layihə

Müğənni İlqarə Kazımova Batırxan Şukenovun xatirəsinə həsr olunmuş layihə təqdim edəcək. SİA-ya bu haqda ifaçının özü məlumat verib: "Hər zaman "A Stduio" qrupunun böyük heyranı olmuşam. Bu qrupa sevgim qrupun rəhbəri Batırxan Şukenovun istedadının sayəsində yaranıb. Bu cür dahi musiqiçinin hazırda aramızda olmamasına inanmaq çox çətindir. Onun yaradıcılığı tam bir musiqi epoxasıdır. Belə insanlar dünyadan köçəndə anlayırsan ki, insan üçün əsas can sağlıdır. Amma onun mahnıları, səsi və musiqisi əbədi yaşayacaq. Xoşbəxtlikdən xaricdə istirahət edərkən o cür dahi musiqiçi ilə tanışlıq mənə qismət olub. Biz onunla otel liftində görüşdük və bir neçə dəqiqə ünsiyyət mənə kifayət etdi ki, onun nə qədər işıqlı insan olduğunu dərk edim. Daha sonra mən onun canlı konsertini də izlədim. Onun səsində və musiqilərində ürək var. Bu çox vacibdir. Onun repertuarından bir mahnını ifa edəcəm. Həmin mahnını özüməməxsus şəkildə, onu gördüyüm, hiss etdiyim kimi oxuyacam. Artıq aranjiman işləri gedir. Bəlkə də, həmin mahnıya klip də çəkdirdim".

Qeyd edək ki, "A Studio" qrupunun solsiti Batırxan Şukenov aprel ayının 29-da, 52 yaşında Moskvada infarktdan dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə