Bu gün müğənni Xumar Qədimova "Əl-ələ tut gedək" adlı kompozisiyasına çəkdirdiyi klipini media mənsublarına təqdim edib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə şairə Sona Vəliyeva, "525" qəzetin baş redaktoru, yazıçı Rəşad Məcid, tanınmış jurnalist Flora Xəlilova, səbəbkarın özü müğənni Xumar Qədimova və media mənsubları iştirak ediblər.
Təqdimatı giriş sözü ilə açan "525" qəzetin baş redaktoru, yazıçı Rəşad Məcid Xumar xanımın səsinə valeh olduğunu deyib: "Bu gün yenidən Xumar xanımın növbəti uğurunun şahidi olacağıq. Səbəbkar "Əl-ələ tut gedək" adlı kompozisiyasına çəkdirdiyi ekran işi ilə bir çox layihələrin öhdəsindən gələ biləcəyini təsdiq edir. Klipdə xalq artistləri Alim Qasımov, Nürəddin Mehdixanlı çəkilib və digərləri rol alıb".
Tədbirdə çıxış edən Sona Vəliyeva kompozisiyadan söz açıb: "Bu, Xumar Qədimova ilə ilk iş birliyimiz deyil. Onunla 2012-ci ildə də bir araya gəlib "Şükür ki, ölməmişəm" mahnısını hazırlamışıq. Həmin bəstəni X.Qədimova səsləndirəndə dəhşətə gəldim. Xumar xanım bu şeiri mahnıya çevirərək ustalıq etdi. O, insanların dərdinə şərik oldu. Xüsusi ilə bir məqamı diqqətinizə çatdırım ki, insan öləndə unudulmur, unudulanda ölür. Diri ikən çoxdan ölmüşlər var. İndi də sizə təqdim etdiyimiz "Əl-ələ tut gedək" şeiri ilə Xumar xanımın qəlbində hissi yaratmışam və buna görə də çox sevinirəm. Şeiri kompozisiya janrında ifa edəndə yayılır və insanlar tərəfindən sevilir. Buna görə də Xumar xanıma təşəkkür edirəm. Onu da deyim ki, mənim qələmə aldığım şeirlər lentə alınıb rəğbət qazana bilər. Ancaq müğənni Vətənə aid şeirlərə müraciət edəndə, bu, onun böyüklüyü və uğurudur. Çünki Azərbaycanın işğal olmuş torpaqları hamımızın dərdidir. Dərdi paylaşanda millət kimi həmrəy ola bilirik. Xanım sənətçimiz də bu kompozisiyası ilə bir uğura imza atdı və klipdə xalq artisti Alim Qasımovla da bir araya gələrək sözün əsl mənasında dəyərli iş ortaya qoydu. İnsanları əl-ələ tutaraq həmrəy olmağa səslədi. Odur ki, Xumar xanımla bir çox əsərlər yaradıb, ondan zövq almaq olar".
Səbəbkarın özü də fikirlərini bölüşüb: ""Əl-ələ tut gedək" kompozisiyasına ürəyimi verdim. Sona xanımın qələminə hörmət əlaməti olaraq bu kompozisiyaya hisslərimi ortaya qoydum. Bu işi komanda şəklində ərsəyə gətirmişik. Mənə bu layihədə kömək olan hər kəsə təşəkkür edirəm. İnanıram ki, "Əl-ələ tut gedək" kompozisiyam tamaşaçılar tərəfindən də bəyəniləcək".
Daha sonra "Əl-ələ tut gedək" adlı kompozisiyana çəkilmiş ekran işi nümayiş olunub.
Qeyd edək ki, tədbir jurnalistlərin sualları ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB