"Kocan kadar konuş" təqdim olundu

"28 Cinema"da "Kocan kadar konuş" filminin qala gecəsi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə filmin yaradıcı heyəti və baş rol qəhrəmanları Murad Yıldırım və Ezgi Mola iştirak ediblər. Onlar filmi izləmədən öncə jurnalistlərlə görüşüblər.

Aktyor M.Yıldırım Bakını çox sevdiyini bildirib: " Azərbaycana ikinci dəfədir ki, gəlirəm. İnanıram ki, yeni filmimiz fevral ayında təqdim etdiyim "Kırımlı" kimi bəyəniləcək. Filmin eyni adlı "Kocan kadar konuş" kitabının ikinci hissəsi çapdan çıxıb. Ssenari də də yazılıb. Belə davam etsə, tezliklə filmin ardı çəkiləcək. Onu da deyim ki, keçən dəfə paytaxtınızda qonaq olanda mənə bəstəkar Üzeyir Hacıbəyovun diskini hədiyyə etdilər. Çox xoşuma gəldi, hələ də dinləyirəm".

Aktrisa E.Mola isə Bakıda ilk dəfə olduğunu və şəhəri tam gəzə bilmədiyini qeyd edib: "Bakını tam gəzməmişik. Amma çox gözəldi. Tarixi binaları sevdim. Sabah yenə şəhəri gəzib, axşam isəTürkiyəyə qayıdacağıq".

Qeyd edək ki, daha sonra məşhurlar filmi media mənsubları ilə birgə izləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə