Bu gün əməkdar artist Tünzalə Ağayeva əcnəbi müğənni Kelli Coys ilə ifa etdiyi dueti jurnalistlərə təqdim edib. SİA-nın verdiyi xəbərə görə, mərasimi giriş sözü ilə xanım Ağayeva açaraq 2015 Avropa Oyunlarına həsr etdiyi mahnısı haqqında danışıb: "2015 Avropa Oyunları Azərbaycan üçün böyük stimuldur. Ona görə də bu mövzuya aid Kelli Coys ilə duet oxumaq qərarına gəldim. O da bu təklifi təmanasız böyük məmnuniyyətlə qəbul etdi. Duetimiz "Bakının üzü gülür" adlanır. Mahnını duet ortağıma görə ingilis dilinə çevirməli olduq. Bizə bu işdə Zəhra Bədərbəyli kömək oldu. Mahnını Emin Kərimov aranjiman edib. Bu bəstəyə klip də çəkdiririk. Ekran işi 3-4 günə hazır olacaq. Daha bir açıqlama verim ki, may ayının 22-23 Heydər Əliyev Mərkəzində möhtəşəm konsert proqramı ilə çıxış edəcəm".
Sonra tədbirdə paytaxtımızın qonağı olan əcnəbi müğənni Kelli Coys Bakı haqqında danışıb. O, Azərbaycanı çox sevdiyini və milli mətbəximizin vurğunu olduğunu dilə gətirib.
Daha sonra duet ortaqları yeni ərsəyə gətirdikləri "Bakının üzü gülür" mahnısını Azərbaycan dilində canlı olaraq ifa ediblər.
Qeyd edək ki, mərasimin sonunda "Bakının üzü gülür" adlı klipdən olan kadr arxası görüntülər media mənsublarına nümayiş olunub.







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB