Tolik həbs olunacaq? AÇIQLAMA

Prodüser Tarix Əliyev (Tolik) müğənni Natəvan Həbibi ilə qalmaqallı məhkəmə çəkişməsi günü-gündən alovlanır. Tolikin heç bir halda Natəvandan üzr istəməməsinə görə 2 ay sonra həbs olunacağı barədə xəbər yayılıb.

Məsələ ilə əlaqədar olaraq Tolikin özü ilə əlaqə saxladıq. SİA-ya açıqlama verən prodüser barəsində yaranan söz-söhbətin yalan olduğunu söylədi: "Dövlətin qanunlarına qarşı çıxmıram, amma ondan üzr istəməyəcəm. Ölsəm də, bunu etməyəcəyəm. Ali Məhkəməyə qədər verəcəm. O, insan haqqında daha danışmaq istəmirəm. Natəvan adı artıq heç bir tədirlərdə yoxdur. Çünki sözügedən ifaçını hər yerdə qara siyahıya saldırmışam. Harda tədbir edirəm, orda söyləyirəm ki, birinci şərtimdir ki, Natəvan Həbibi bu məclisdə olmayacaq. Restoran otaqlarından və evindən başqa onu heç bir yerdə görmək mümkün deyil. Odur ki, mən ölü oyadan deyiləm. Xüsusi ilə bir şeyi də diqqətinizə çatdırım ki, sənətə yeni gələn insanlar Azərbaycana aid mahnı oxuyurlar. Ancaq bu insanın vətənimizə aid bir dənə də olsun bəstəsi yoxdur. N.Həbibini bundan sonra reklam etmək fikrim yoxdur".

Tolikin vəkili Rövşən Mərəndiskiyin də sözügedən problem haqqında fikirlərini öyrəndik: "Tolik 2 aydan sonra tutulmayacaq. Bu, yalandır. Bunu Natəvanın vəkili də yaxşı bilir. Tolik "Laçının işğalı günü konsert verən ermənidir" sözlərini işlədib. Burada Natəvana qarşı heç bir təhqir olunmayıb. Bu dəfə Ali Məhkəməyə müraciət edəcəyik. Qətnamə hələ bizə gəlib çatmayıb. Məhkəmədə qanun qüvvəyə minməyib. Biz Ali Məhkəməyə müraciət edəcəyik. Hazırki qərarı ədalətsiz sayırıq. Çünki qarşı tərəf şikayət edib ki, Tolik onu "erməni" kəlməsi ilə təhqir edib. Onlar məhkəmədə bunu sübut edə bilmədilər. Biz özümüz etiraf etdik ki, bəli, Tolik Natəvana xitabən "erməni" sözünü işlədib. Amma bu barədə mətbuata açıqlama verməyib. Yalnız öz İnstaqram səhifəsində yazıb və media orqanları bunu dərc ediblər. Appelyasiya Məhkəməsi məsələyə fərdi yanaşaraq araşdırma aparmadı. Biz Ali Məhkəmədən bunu tələb edəcəyik. Məhkəmə qətnaməsi 20 gün sonra bizə veriləcək. Apreldə Ali Məhkəməyə şikayət edəcəyik. Mayın axırında isə məsələyə baxılacaq. Bu iş yayın ortalarına qədər uzanacaq. Ali Məhkəmənin ədalətli qərarına inanırıq".

Qeyd edək ki, ötən gün Natəvan Həbibinin vəkili Fərid Həsənov Tolikin üzr istəməyəcəyi təqdirdə həbs olunacağını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə