Emre Kaya jurnalistlərlə görüşdü

Emre Kaya jurnalistlərlə görüşdü

Türkiyənin tanınmış müğənnisi Emre Kaya noyabrın 10-da Bakıda verəcəyi konsert öncəsi mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, jurnalistlərlə görüşən ifaçı azərbaycanlı olduğunu söyləyib: "Bakı mənim üçün çox əzizdir. Çünki yad ölkəyə gəlməmişəm. Bura mənim doğma vətənimdir. Azərbaycanda özümə qarşı diqqət hiss elədim. Çox mehriban və diqqətcil insanlarsınız. Bakıya səfərim sırf yaradıcılıq işlərimlə bağlıdır. Bildiyiniz kimi, noyabrın 10-da solo konsertim olacaq. Konsertdə tək çıxış etməyəcəm. Mənimlə birgə eyni səhnəni istedadlı azərbaycanlı müğənni Sevinc Ağaşirinova bölüşəcək. Onunla duet oxumağı düşünürəm".

İfaçının bu sözlərindən sonra onunla eyni gecədə səhnə alacaq S. Ağaşirinova danışıb: "Düzdür, bu, Emre Kaya ilə ilk tanışlığımdır. Amma mətbuat konfransından öncə mənə duet oxumağı təklif etdi. Razılaşdıq. Konsertə gəldikdə isə sevilən mahnılarımla yanaşı, yeni mahnılar da ifa edəcəm".

S. Ağaşirinova daha sonra Türkiyə şou-biznesinə qoşulmaq istədiyini deyib: "Mən də Türkiyə şou-biznesində tanınmaq istəyərdim. Bu barədə özümə inamlıyam".

Qeyd edək ki, noyabrın 10-da məkanların birində Emre Kaya və Sevinc Ağaşirinova konsert proqramı ilə çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə