İradə İbrahimovadan yeni xəbər

Türkiyədə yaşayan müğənni İradə İbrahimovadan yeni xəbər var. SİA-nın verdiyi xəbərə görə, sənətçi qardaş ölkədə piar işlərinə start verib. Belə ki, ilk olaraq ifaçının sözləri və musiqisi Şəhrizada, aranjimanı Ozan Çolaqoğluna məxsus "Olmamalıydı" mahnısı türk radiolarında səsləndirilib. Bu günlərdə isə İ.İbrahimovanın 5 bəstədən ibarət max-sinqlı işıq üzü görəcək.

Müğənni açıqlamasında türkiyəli ifaçı Sərdar Ortaçın retro mahnılarından birini yeni tərzdə səsləndirdiyini bildirib. Eyni zamanda albomda Minayə İbrahimova ilə Günel Sərdarqızının yeni aranjimanda və türk dilinə çevrilmiş bəstələri də yer alıb. G.Sərdarqızının mahnısının sözləri Türkiyədə tanınmış yazar Günay Çobana məxsusdur.

İ.İbrahimova sözləri İsa Gülümsərə, bəstəsi Sarit Xadada aid olan yəhudi nəğməsi "Sənələr"ə klip çəkdirdiklərini bildirib. O,"Olmamalıydı" mahnısını da ekranlaşdırdığını və onun yaxın günlərdə "Kral TV"də yayımlanacağını söyləyib:"Vaxt keçdikcə hər şey dəyişir. Fərqlilik hiss etdim. Hər dəfə müxtəlif insanlarla çalışmaq, onların fikrini öyrənmək müğənni üçün yenilik axtarmaq deməkdir. Nəticə mənim üçün yaxşı oldu. Artıq sənətimlə bağlı kimlərlə işləyə biləcəyimi müəyyən etdim".

Sənətçi yaxın günlərdə Bakıya gələcəyini deyib: "Bütün işlərim, xüsusilə Azərbaycandakı dinləyicim, tamaşaçım üçündür. Türkiydəki fəaliyyətim sənətimə bir rəng qatdı. Dinləyicim bəyənərsə, nə gözəl, deməli, nəticə uğurludur. Yeni layihələrimin Bakıdakı təqdimatını ancaq telekanallar vasitəsilə edəcəyik. Eyni zamanda Türkiyə televiziyaları, radioları və mətbuatı üçün də təqdimat nəzərdə tutulub".

Bütün xəbərlər Facebook səhifəmizdə