"Bakı Ekspo Mərkəzi"ndə Azərbaycan paytaxtının həyatında parlaq hadisəyə çevrilən "Dinozavrlar şousu"nun açılışı olub. SİA-nın verdiyi xəbərə görə, sərginin ilk açılış günündə yüzlərlə Bakı sakini və şəhərin qonaqları sərgiyə baş çəkib. Onlar arasında bomondumuzun ulduzları - şairə və prodüser Zəhra Bədəlbəyli, "Eurovision-2011"in qalibi Eldar Qasımov, müğənni və televiziya aparıcısı Nura Suri, ifaçılar Natəvan Həbibi, Məryəm Şabanova və Çingiz Mustafayev, bəstəkar və şoumen Murad Arif, teleaparıcı Şəhriyar Əbilov, aktyor Rüfət Nəzər və digərləri iştirak edib. Bayram gecəsinin aparıcısı model Natella Kərimova olub.
Sərgi Argentinada yaradılıb və həyata keçirilib, ekspozisiya böyük uğur qazandıqdan sonra Avropada, Şimali və Cənubi Amerikada, Çində, Rusiyada nümayiş olunub, indi isə növbə Azərbaycanındır. Bu, dünyada dinozavrlar mövzusu üzrə ən mürəkkəb, yüksək texnoloji, miqyaslı və interaktiv layihədir. Sərginin həyata keçməsi üçün təkcə texniklər deyil, həm də paleontoloqlar işləyiblər. Məhz onların sayəsində dinozavrlar olduqca "canlı" görünür.
"Dinozavrlar şousu"nu Bakıya gətirmiş FUNTIME EXPO şirkətinin direktoru Oleq Samoylov açılışda çıxış edərək bunları deyib: "Biz şoumuzu günəşli və heyranedici gözəlliyi olan Bakı şəhərində təqdim etdiyimizə görə şadıq. Bizim dinozavrların interaktiv sərgisi dünyada ən böyükdür. O, böyüklər və müxtəlif yaş qrupundan olan uşaqlar arasında xeyli populyardır. Üstəlik, bu sərgi dünyada uşaqlarımıza Yerin formalaşması dövrü və onun maraqlı formada inkişafı, həmçinin yaddaqalan faktlarla tanış olmağa imkan verən yeganə məkandır. Əlbəttə ki, dinozavrlarla unudulmaz şəkillər gözlənilməz və qeyri-adi fotoalbomu zənginləşdirir".
Sərginin yaradıcısısı, kommersiya direktoru İqnasio Soxo da fikirlərini bildirib: "Biz ekspozisiyada iki konsepsiyanı - təhsil və əyləncəni birləşdirməyə çalışdıq. Bu layihəyə 10 il əvvəl başlamışıq. Bu dövr ərzində dünyanın 100-dən çox şəhərində 250-dən artıq sərgi təşkil olunub. Həmin sərgilərə təqribən 5 milyon nəfər baş çəkib. Biz əminik ki, şou Bakı sakinlərinin də böyük marağına səbəb olacaq, qonaqlarımızın alacağı təəssürat isə bütün həyatları boyu xatirələrində qalacaq".
Qeyd edək ki, gənc qonaqlar üçün açılışda tarixdən əvvəlki kələzlər haqqında müsabiqə keçirilib. Müsabiqədə suala düzgün cavab verən hər bir ziyarətçi dinozavrın kiçik fiqurunu qazanıb. Uşaqlar üçün də klounlar, cizgi filmi qəhrəmanları, illüzionistlərin iştirakı ilə şou təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB