Nizami Cəfərov: "İsrafçılıq insanların özü ilə bağlıdır" MÜNASİBƏT

"Yas mərasimlərində və el şənliklərində müəyyən qaydalara riayət etmək mütləqdir"

Toylarımızda həddindən artıq israfçılığa yol verilməsi təzə xəbər deyil. SİA-nın apardığı sorğulardan da bəlli olub ki, buna səbəb restoran sahiblərinin toy etmək istəyən ailələri yüksək qiymətlərlə üz-üzə qoymasıdır. Bu cür israfçılıq Azərbaycanın adət-ənənəsinə də zidd olan amildir. Məsələ ilə əlaqədar Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərovun fikirlərini öyrəndik.

"Düşünürəm ki, qanuna ehtiyac yoxdur. Çünki israfçılıq insanların özü ilə bağlıdır. Fikrimcə, biz bu halları müzakirə edərək bir çox xoşagəlməz məqamların qarşısını ala bilərik. Azərbaycanda sağlam cəmiyyət yaratmaq lazımdır. Yas mərasimlərində və el şənliklərində müəyyən qaydalara riayət etmək mütləqdir. Xüsusilə qeyd edim ki, toylarda rəngarənglik olmalıdır. Ancaq şadlıq evlərinin yüksək məbləğdə toy edən kəslərə menyu təqdim etməsi yaxşı hal deyil. Bu, cəmiyyətimiz tərəfindən xoş qarşılanmır. Eyni zamanda israfçılığa səbəb olur. Ən əsası da onu deyim ki, şadlıq evlərində yemək hazırlanmasına xüsusi nəzarət olunmalıdır. El şənliklərində daha xoşagəlməz məqam isə musiqilərin yüksək səsdə səslənməsidir. Şadlıq evinin sahibi bütün qayda-qanunlara riayət etməlidir".

Adıçəkilən mözuya əməkdar artist Firuzə İbadova da münasibət bildirərək, bəzi şou-biznes nümayəndələrinin yüksək qiymətlərə el şənliklərinə getməsinin tərəfdarı olmadığını dilə gətirib: "Toy həyatımız üçün vacibdir. Ona görə də bir çox insanlar, şadlıq evlərinin sahibləri el şənliklərini maraqlı etmək üçün yarım saata həmkarlarıma 6 min manatdan çox pul verirlər. Onlar da toylarda ifa etdiklərin mahnıların əksəriyyətini fonoqrama oxuyurlar. Düşünürəm ki, bu heç bir qaydaya sığmır. Bəzi müğənnilər var ki, el şənliklərini yaxşı idarə edirlər. Yəni bu ifaçılara yüksək məbləğdə pul verməyə dəyər".

Bütün xəbərlər Facebook səhifəmizdə