Rejissor: “Türk ssenaristləri serialımı oğurlayıblar” MÜSAHİBƏ

Rejissor: “Türk ssenaristləri serialımı oğurlayıblar” MÜSAHİBƏ

Aktyor-rejissor Samir Qulamovun müsahibəsini SİA-ya oxucularına təqdim edirik:

- Rejissoru və aktyoru olduğunuz "Küləklər şəhəri" serialı sizə çox uğur gətirdi?

-"Bəyaz həyat" kinosundan sonra "Küləklər şəhəri" serialı xeyli insanların maraq obyektinə çevrildi. Bu da təbii ki, mənə xoş oldu. Ancaq düşünmürəm ki, böyük iş görmüşəm. Çünki adıçəkilən serial mənim üçün başlanğıc idi. Hər zaman çalışmışam ki, aktyorluğunu və rejisorluğunu etdiyim filmlər dünya səviyyəsinə çıxarıla bilsin. Onu da deyim ki, son zamanlar yerli ssenaristlərimiz türk filmlərinin ssenarisini oğurlayırlar. Ancaq bir müddət öncə qardaş ölkənin ssenaristləri mənim lentə aldığım "Sonun başlanğıcı" serialını oğurlamışdılar. Həmin filmdə ancaq aktyor dəyişikliyi vardı. Hər şey olduğu kimi idi.

- Sizə aktyor yoxsa rejissor sənəti yaxındır?

- Mən rejissorluğu daha çox sevirəm. Ancaq aktyor peşəsinə yiyələnən adam rejissorları daha yaxşı anlaya bilir. Onu da deyim ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru olmuşam. Orada bir çox əsas rollarda oynamışam.

- Azərbaycan filmlərinin türk serialları qədər izlənilməməsinə səbəb nədir?

- Çünki Türkiyənin 90 milyon, Azərbaycanın isə 9 milyon əhalisi var. Xüsusilə diqqətinizə çatdırım ki, 2014-cü ildə çəkdiyim "Canavar qoxusu" bədii filmi yetərincə izlənilib. Azərbaycan tamaşaçısı yerli kino istəyir. Sadəcə olaraq bəzi rejissorlar zəif filmlər ərsəyə gətirdirdikləri üçün insanlarda qıcıq yaradırlar.

- Hazırda lentə alınan seriallarımız sizi qane edir?

- Hamısı yox. Yaşar Əhmədovun rejissorluq etdiyi "Toy gecəsi" serialı yaxşı idi. Rövşən İsaqın çəkdiyi filmlər də uğurlu alınır. Ancaq bəzi dırnaqarası rejissorların ərsəyə gətirdiyi seriallar çox biyabırçı vəziyyətdədir. Onu da deyim ki, kino çəkmək elmdir. Hər adamı bu sahəyə yaxın buraxmaq olmaz.

- Rejissorlarımızın ayrı-ayrı seriallarda eyni aktyor və aktrisalara müraciət etməsinə səbəb nədir?

- Rejissor kino çəkmək istəyəndə aktyor, aktrisa axtarışında olur. Bunun üçün də yerli seriallarımızı izləyir. Kinolarda gördüyü aktyorları yeni lentə almaq istədiyi seriallara dəvət edir. Rejissorlarımızın bu addımı isə tamaşaçıları çaşdırır. Düşünürəm ki, bu addım düzgün deyil. Mən isə bu vaxtadək heç bir serialdan aktyor oğurlamamışam. Çünki kinoma çəkdiyim aktyor və aktrisaları özüm yetişdirirəm. Hazırda sözügedən aktyorları digər filmlərə də çəkirlər. Təbii ki, buna çox sevinirəm. Çünki uğurumdur.

Bütün xəbərlər Facebook səhifəmizdə