Gənc müğənni faciəvi şəkildə rəhmətə getdi

Gənc müğənni faciəvi şəkildə rəhmətə getdi

Gənc müğənni Sura Əsgərli faciəvi şəkildə rəhmətə gedib. SİA-nın verdiyi məlumata görə, sənətçi intihar edib. Suranın intiharına səbəb hələ ki, məlum deyil.

Nəzərinizə çatdıraq ki, əməkdar artist Tünzalə Ağayeva Sura Əsgərli ilə "Qovuş ona" adlı bəstəni birgə duet formasında ifa etmişdilər.

İfaçının ölümüylə bağlı Tünzalə Ağayeva öz şəxsi səhifəsində məlumat verib: "Can Suram, söhbətindən, özündən doymadığım Sura, belimizi qırdın. Getdin Sura... Nakam yaşda getdin balam... Səninlə hələ neçə musiqi oxuyacaqdıq, yazacaqdıq... Ya Rəbbim! Suramın qəbrini nurla doldur, Rəhmət eylə Ya Rəb, saf-məsum balamızın axirətini gözəl eylə, məkanını cənnət eylə! Faciəvi şəkildə dünyasını dəyişən Suranın ailəsinə baş sağlığımı bildirirəm. Rəbbim kimsəyə övlad itkisi yaşatmasın! Amin".

Millət vəkili Qənirə Paşayeva gənc müğənni Sura Əsgərlinin intiharına münasibət bildirib: "Sura, sən ona belə qovuşmamalıydın. Bu cür faciəli ölümünlə bizi, nə qədər insanı üzdün, şoka saldın. Hələ də nə Tünzalə xanım, nə mən özümüzə gələ bilmirik. Axı nədən? Ağıllı, istedadlı, inanclı, Allahı bu qədər sevən, yaradılanı bu qədər sevən mələk kimi bir qız idin, nədən intihar etdin anlamırıq. Bilirəm, çox sevdiyin Rəbbim özü səni bağışlayacaq. Amma arxanda nə qədər göz yaşı qoydun Sura, bir bilsən... Hələ nə qədər gözəl şeirlər doğulacaqdı, hələ nə qədər gözəl mahnılar oxuyacaqdın, biz də sevinəcəkdik. Dəyərli dostum Tünzaləyə təşəkkür edirəm ki, səni kəşf etmişdi, əlindən tutub sənətə gətirmişdi, şeirinə "Qovuş Ona" ya gözəl bir musiqi yazmışdı və birlikdə ifa edərək səni Azərbaycan insanına yaxından tanıtmışdı. Bir az öncə Tünzalə ilə danışdıq. Sənin ölümündən o qədər sarsılıb ki, təskinlik vermək üçün söz tapmaqda belə çətinlik çəkirdim. Nədən, Sura? Çox sevirdim bu mahnını, klipi. İndi necə dinləyəcəyik, necə baxacayıq ona... Bu intihar və son zamanlar gənc insanlar arasında artan intiharlar hamımızı ciddi düşündürməlidir və nələrsə etməliyik. Suranın ailəsinin yaşadığı böyük dərdini anlayır, Suraya Allahdan rəhmət, ailəsinə və sevənlərinə səbr diləyirik. Sən xatirələrdə "Qovuş Ona" ilə qalacaqsan və mən inanıram ki, sən çox sevdiyin Ona qovuşmusan..."

Bütün xəbərlər Facebook səhifəmizdə