22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür. Bununla əlaqədar olaraq məşhur simalar arasında maraqlı sorğu keçirdik. Onların sorğumuza verdikləri cavabı SİA-ya oxucularına təqdim edirik:
Müğənni Kamil Cəfərov: "Milli Mətbuat Günü ilə əlaqədar olaraq hər bir jurnalisti təbrik edirəm. Onlara hörmətim böyükdür. Çünki biz yaradıcı insanların gördüyü işləri məhz onlar işıqlandırır və cəmiyyətə çatdırır".

Müğənni Elxan Qaraxanoğlu: "Mənim mətbuat işçilərinə rəğbətim və səmimiyyətim danılmazdır. Yalanlarla dolu olan dünyada media işçilərinə həqiqət üzərində çalışmağı arzulayıram və diləyirəm ki, səmimiyyət, düzgünlük ətrafınızdan uzaq olmasın".

Müğənni Elvin Abdullayev: "Bir çox mətbuat işçiləri ilə dostam. Onların qələmlərinə hörmətlə yanaşıram. Savadsız jurnalistlərimizin olmasına baxmayaraq, jurnalistika ağır peşədir. Ancaq ümumi götürdükdə mətbuat çox inkişaf edib".

Müğənni Lamiyə Novruzova: "Jurnalist professional olmalıdır. O, hər bir kəliməyə görə ağır məsuliyyət daşıyır. Mənim mətbuat işçiləri ilə 2 dəfə səhv məlumat yazdıqları üçün narazıçılığım olub. Ancaq ümumilikdə işini bilən hər bir jurnalisti Milli Mətbuat Günü münasibətlə ürəkdən təbrik edirəm. Ən əsası canları sağlam, qələmləri güclü olsun".

Müğənni Sənan Əliyev: "Biz müğənnilər jurnalistlərlə nə qədər mübahisə etsək də, həyatda dostuq. Əgər hər hansı çatışmamazlığı deyirlərsə demək ki, düzdür. Bəzən bir çoxları bundan qıcıqlanır. Ancaq media mənsubları kənardan görməyi bacarırlar. Jurnalistika böyük peşədir. Odur ki, bu böyüklüyün dəyərini bilib, kiçik insanlar haqqında yazılar yazmasınlar. Çünki o zaman qiymətli olarlar".

Müğənni Sevda Sanaliyeva: "Bu günə kimi heç bir jurnalistlə davam olmayıb. Ancaq incimişəm. Sonra danışıb, bir-birimizi anlamışıq. Düşünürəm ki, bizim jurnalistlərimiz çox diqqətli və haqq tərəfdarıdırlar. Bir sözlə uğurlarınız daimi olsun".

Müğənni Nura Suri: "Jurnalist sənətinə uşaqlıqdan həvəsim olub və həsəd aparmışam. Bir çox media mənsublarıyla dostam, peşakardırlar. Mətbuat işçisi olmaq çox məsulliyətlidir və qürur vericidir".

Müğənni Ceyhun Əliyev: "Milli Mətbuat Günü münasibətilə hər bir jurnalisti təbrik edirəm. Onlara böyük hörmətim var".

Müğənni Elgün Hüseynov: "Heç vaxt jurnalistlərlə mübahisə etməmişəm. Mənimlə dava etmək istəyən media işçisinin də cavabını vermişəm".

Müğənni Yaşar Yusub: "Milli Mətbuat Günü münasibətilə hər bir media işçisini təbrik edirəm və onlara böyük hörmətim var".

Müğənni Nazim Faytonçu: "Jurnalistlər bir dəfə məni pis hala salıblar. Ancaq sonra barışdıq. Arzu edirəm ki, peşəkar olsunlar və bizi qələmləri ilə sevindirsinlər".

Əməkdar artist Səllim Abbasov: "Jurnalistlərlə hər zaman dost olub, hörmət etmişəm".

Reper Qurd: "Mən jurnalistləri çox istəyirəm və onları Milli Mətbuat Günü münasibətilə təbrik edirəm".

Teleaparıcı Şəhriyar Əbilov: "Jurnalistlərlə heç vaxt mübahisə yaşamamışam. Məsləhət görərdim ki, dürüst, düzgün yazılar ərsəyə gətirsinlər".

Teleaparıcı Samir Bayramlı: "İlk öncə özümlə birgə bütün mətbuat işçilərini təbrik edirəm. Çünki məndə jurnalistika fakultəsini qırmızı diplomla bitirmişəm. Onu da deyim ki, heç bir mətbuat işçisi ilə davam olmayıb. Ancaq bəzi məqamlarlarda onlarla anlaşa bilməmişəm. O da tez bir zamanda həll olunub".

Teleaparıcı Rəşad Kəsəmənli: "Onlara məsləhət görərdim ki, hər bir xəbəri dəqiq araşdırıb, sonra ictimaiyyətə çatdırsınlar. Sensasiya xatirinə yalan məlumat yaymasınlar və heç kimin izni olmadan ailə məsələlərinə qarışmasınlar. Ən vacibi doğma dilimizi yaxşı bilib, türk və rus sözlərindən istifadə etməsinlər.Təəssüflər ki belələri çoxdu və dilimizin məhvinə səbəb olur".

Bəstəkar-teleaparıcı Murad Arif: "Mən də jurnalistəm. Odur ki, özümlə də tez-tez yola getmirəm (gülür). Xüsusilə deyim ki, bəzi şou yazarları pul və dostluq xatirinə hər müğənniyə super, möhtəşəm, əvəzolunmaz, maraqlı, uğurlu sözlərindən istifadə edirlər. Məncə bu düzgün deyil. Çünki o zaman qələmləri gücdən düşür".

Model Rüstəm Cəbrayılov: "İşləriniz də uğurlar. Bayramınız mübarək".

Stilist Samiraldo: "Mən ancaq yaxşı və işini bilən jurnalistləri tanıyıram və hər zaman da onlara hörmət edirəm. Media mənsubları ilə heç vaxt davam ola bilməz. Çünki mətbuat işçiləri məni Samiraldo edib".

Rəqqasə Fatimə Fətəliyeva: "Mətbuat işçiləri ilə heç vaxt qalmaqal yaşamamışam. Ancaq xahiş edərdim ki, iç dünyamızdan və ailəmizdən yazmasınlar".

Aktyor Elçin Məmmədli: "Bütün jurnalistləri təbrik edirəm. Heç bir media mənsubu ilə problemim olmayıb".

Aktyor Tural Baxış: "Bu vaxta qədər heç bir jurnalistlə problemim olmayıb. Sadəcə olaraq bəzi media mənsubları satqın və ikiüzlü olmasınlar".

Aktyor Elnur Kərimov: "Jurnalistlərlə davam olmayıb. Ancaq səhv məlumat yazdıqlarına görə, bir neçə media mənsubuna müsahibə verməyəcəyimə qərar vermişəm. Çox istərdim ki, hər bir mətbuat işçisi işinin peşakarı olsun. Pul alacaqlar deyə müsahibə almasınlar".

Aktyor Elsevər Mehdizadə: "Bəzi mətbuat nümayəndələrinə hörmətim var. Gərək bir çox jurnalistlər gündəmdə olan aktyorlar, müğənnilər haqqında yazsınlar. Yoxsa kiminsə soyunmağını reklam etməsinlər".

Aktyor Ağaxan Salmanlı: "Hansısa media işçisi qərəzli sual verəndə sözaltı mənasını tez tuturam və elə cavab verirəm ki, həmin jurnalist istəyinə nail ola bilmir".

Aktyor Anar Heybətov: "Mili Mətbuat Günü ilə əlaqədar olaraq bütün jurnalistləri təbrik edirəm. Bir çox media işçisindən razıyam. Ancaq bəziləri var ki, peşəkar deyil. Düşünürəm ki, onlar da təcrübə toplayarlar, ya da işlərindən uzaqlaşdırırarlar. Hamısına can sağlığı arzu edirəm. Ən əsası onlardan xahiş edirəm ki, sifarişli yazılara çox az yer versinlər".

Aktyor Elxan Abbasov: "Mən sizin peşə bayramınızı təbrik edirəm. Heç bir jurnalistlə söz-söhbətim olmayıb. Ancaq bir dəfə haqqımda yalan xəbər yazmışdılar. Məsləhət görərdim ki, özlərindən heç nəyi artırıb, qələmə almasınlar".

Aktyor Ruslan Sabirli: "Dırnaqarası jurnalistlərlə ünsiyyət qurmuram. Bir çox mətbuatda dostlarım var ki, fəaliyyətimi işıqlandırır. Fürsətdən istifadə edib bütün jurnalistləri Milli Mətbuat Günü münasibəti ilə təbrik edirəm. Onlara işlərində uğurlar arzulayıram".

Aktyor Kənan Yusifov: "Heç bir mətbuat nümayəndəsi ilə mübahisə yaşamamışam. Ancaq istərdim ki, reytinq xatirinə kiminsə şəxsi həyatını alt-üst edəcək xəbərlər yazmasınlar".

Rejissor Samir Qulamov: "Savadlı media işçilərinə hörmətim böyükdür. Mətbuat günü ilə bağlı peşəkar jurnalistləri təbrik edirəm. Allah ədalətli insanları sevər".

Qeyd edək ki, Azərbaycanda Millli Mətbuat Günü iyulun 22 -də, 135 il əvvəl Həsən bəy Zərdabi tərəfindən ilk çap nəşri "Əkinçi"qəzetinin buraxıldığı gündə qeyd edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB