İfaçının konserti oldu FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında Cəmilə Cavadova-Spitsberqin konserti olub. SİA-nın verdiyi xəbərə görə, konsertdən əvvəl Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov çıxış edərək ifaçı haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Dövlət Konservatoriyasını bitirən ifaçı bir çox nüfuzlu müsabiqələrə qatılıb. Hollandiyada təhsil alan Cəmilə Cavadova-Spitsberq keçmiş SSRİ məkanında, Avropada, o cümlədən Hollandiya, Almaniya, İngiltərədə, həmçinin ABŞ-da konsert proqramları ilə çıxış edib.

Cəmilə Cavadova-Spitsberq anası Gülşən Cavadovanın xatirəsinə həsr etdiyi konsertdə tamaşaçıların qarşısına dəyərli həmkarları Oya Ergün, Rasimə Babayeva, Şirzad Fətəliyev, Emil Əfrasiyab və Malik Mansurov da çıxış edib.

Konsertdə xarici bəstəkarlardan Yucin Jiqu, Nikolas Bruns, V.A.Motsart, Culio Kaççini, Kristof V.Qlük, İ.S.Bax, Nikolas de Qrinyi və D.Şostakoviçin, Azərbaycan bəstəkarlarından isə Qara Qarayev və Vasif Adıgözəlovun əsərləri səsləndirilib.

Qeyd edək ki, hazırda Cəmilə Cavadova-Spitsberq Amerikanın Texas ştatının Dallas şəhərində yaşayır və bu şəhərin Dövlət Universitetində professor - mühazirəçi kimi çalışır. Eyni zamanda, o, solo və ansambl ifaçısı kimi də fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə