Məzunların 11 illik məktəb həyatının son zəngi çalındı FOTOLAR

Məzunların 11 illik məktəb həyatının son zəngi çalındı FOTOLAR

Bu gün Azərbaycan məktəblərində 11 illik məktəb həyatının son zəngi çalınıb. SİA-nın verdiyi xəbərə görə, bu gündən etibarən Azərbaycanın neçə-neçə gənci müstəqil vətəndaş olaraq həyata qədəm qoyurlar. "Son zəng" tədbirləri paytaxtın bütün məktəblərində eyni zamanda Zığ qəsəbəsində yerləşən 317 nömrəli orta məktəbdə təntənəli şəkildə keçirilib. Tədbirdə məktəbin direktoru, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər. İlk öncə mərasimdə məktəbin direktoru Əliqismət Səfərov məzunları təbrik edərək, uğurlar arzulayıb: "Bu gün məktəbimizi 45 nəfər məzun bitirir. Qarşıda onları buraxılış və qəbul imtahanları gözləyir. Bu imtahanlarda onlara uğurlar diləyirəm. Arzu edirəm ki, vətənimizə layiqli övladlar olsunlar. Onları qarşıda daha maraqlı həyat gözləyir".

Daha sonra məktəb həyatına əlvida deyən məzunlar doğma məktəbə, onlara dərs deyən müəllimlərə minnətdarlıqlarını çatdırıblar. On birincilərlə birincilər mərasimin davamında rəqslər edərək şeirlər söyləyiblər.

Nəzərinizə çatdıraq ki, bütün məktəblərdə təşkil olunan tədbirlər saat 13:00-da "Son zəng"in çalınması ilə başa çatır. Bununla da məktəblilər 11 il ərzində təhsil aldıqları məktəb və uşaqlıq həyatları ilə vidalaşıblar.

Qeyd edək ki, 2013-2014-cü tədris ilində ümumtəhsil məktəblərinin IX sinfini 118 206 nəfər, XI sinfini isə 86 797 nəfər şagird bitirib. Bu tədris ilində Azərbaycanda qiyabi (axşam) ümumtəhsil müəssisələrinin XII sinfini isə 754 nəfər şagird başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə