İlham Mirzəyev: “Azərbaycan televiziyasına ağlamağı mən gətirmişəm” FOTOLAR-MÜSAHİBƏ
Teleaparıcı, psixoloq İlham Mirzəyevin müsahibəsini SİA-nın oxucularına təqdim edirik:
- Bildiyimizə görə, Allaha inanan, ibadət edən insansınız və işdə, evinizdə, avtomobilinizdə müqəddəs "Qurani-Kərim" kitabı var. Sizcə, yaxşı insan necə olmalıdır?
- Ən əsası biz müsəlmanlar Allahımızı sevməliyik. Əgər Tanrının xofu qəlbimizdə yoxdursa, heç vaxt yaxşılıq etməyi bacarmarıq. Vətənimizi, ailəmizi sevmiriksə demək ki, mənəvi cəhətdən kasıbıq. Mən isə özümü zəngin və xoşbəxt hesab edirəm. Çünki qapımı açan insanlar məndən mənəvi qida alırsa bundan gözəl heç nə ola bilməz. Hamımızın səmimi sözlərə ehtiyacı var. Onu da deyim ki, həyatından və ailəsindən küsəni, canına qəsd edən insanlara yenidən ümid verirəmsə Allahın yanında böyük bəndəyəm. Xüsusilə qeyd edim ki, Tanrı bizə bütün dünyada tanınan dövlət verib. Gəlin, bizdə bu ölkənin, quruculuğun qeydinə qalıb, dəyərini bilək. Çünki Allah hər bir dövlətə belə bir firavanlıq vermir. Odur ki, yediyimiz çörəyi təpikləyib, qudurmayaq. Allahın bizə göndərdiyi tikəni yeyəyək Azərbaycana və onun başçısı Prezident İlham Əliyevə can sağlığı arzulayaq. Onu da deyim ki, başqa dövlətlə vətənimizi müqayisə edəndə şahidi oluruq ki, anlarımız oğul həsrəti çəkmir, bacılarımız dul qalmır. Hər axşam evə gedəndə əlimi göyə açaraq Allahıma dua edirəm (ağlayır).
- Tələbəllik illəriniz necə keçib?
- Tələbəllik illərimdə çox ağır günlər keçirmişəm. Evim olmadığı üçün 3 ay dəmiryol vağzalında yatmışam və peraşkinin yarısını yeyib, qalan hissəsini səhərə saxlamışam. Ancaq hazırda şükürlər olsun ki, maddi durumum yaxşıdır. Mən bu yerə xalqımızn köməkliyi ilə gəlib çatmışam. Bir sözlə, güvənəcəyim Allahım və dövlətim var. Onu da deyim ki, 23 ildir ki, Azərbaycan dövlətini bütün ölkələrdə təbliğ edirəm. 70-dən çox elmi məqalələr, 10 monoqrafiya, Ulu Öndər Heydər Əliyev, Cənab Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehran Əliyeva haqqında kitablar yazmışam. Sözügedən kitabları da nəyinsə xatirinə yox, sevə-sevə qələmə almışam.
- Səmimi olmağınız sizdə nə vaxtsa problem yaradıbmı?
- Ürəyimin yumşaq olmağı mənə böyük acılar yaşadıb. Qohumlarıma çox inanmışam. Onu da deyim ki, bəzi insanlarımızda paxıllıq həddindən artıq baş qaldırıb. Ancaq lənət olsun pisliyə ki, insanları məhv edir, eşq olsun o, yaxşlığa ki, insanların varlığına xidmət edir.
- Yanınıza gələn insanlar nədən depressiyaya düşürlər?
- Mənə üz tutub gələnlərin əksəriyyəti adi tıxaclarda əsəbləşib, depressiyaya düşənlərdir. Bir çox xəstələrim ovuc-ovuc dərmanlar içərək özlərinə ziyan ediblər. Ancaq mənim yanıma gələrək dərmansız müalicə alırlar. Bəzi insanlar qapı döyüləndə və telefon zəng çalanda qorxur. Şükür Allaha ki, mən onlarla söhbət edərək o, qorxulardan uzaqlaşdırmışam. Onu da deyim ki, hər bir insan etdiyi hərəkətlərə görə, ilk öncə özünə cavab verməlidir. Pis insan yoxdur. Sadəcə insanların içərisində olan şeytani əməllər onları pisliyə sürükləyir. Odur ki, qəlbimizi bir otaqlı mənzilə bənzədərək təmiz saxlayaq ki, ordan gül iyisi gəlsin.
- Sizcə, teleaparıcılar arasında ən çox ağlayan kimdir?
- Azərbaycan televiziyasına ağlamağı mən gətirmişəm. "Etiraf" verilişindən sonra bir çox telekanallar belə layihə ərsəyə gətirmək istədilər. Artıq 16 ildir ki, Space TV-də çalışıram. Verilişimə eyni müğənniləri bir neçə dəfə dəvət edib, ağlatmışam.
- Narazı olduğunuz məqamlar varmı?
- 23 ildir televiziya sahəsindəyəm. Ancaq məni narahat edən bir məsələ var ki, Azərbaycan Dövlət Televiziyasında veriliş aparanda hazırda özlərini media işçisi kimi qələmə verən jurnalistlər yox idi. Ancaq sözügedən media mənsubları bu günki gündə haqqımda yalan məqalələr dərc edirlər. Bu gün bəzi qezetlər və saytlar reytinqlərini ucuz söhbətlərlə qaldırırlar. Ancaq bu gün bizim yaxşı verilişlərə ehtiyacımız var.
- İlham Mirzəyev psixoloq yoxsa aparıcı kimi daha yaxşı tanınır?
- Aparıcı kimi daha çox populyarlıq qazanmışam. "Tale yolları" və "Etiraf" verilişi məni xalqıma sevdirdi.
- Bir çox məhşur insanlar sizə bahalı hədiyyələr bağışlayıblar. Onların sizə hədiyyə verməklərinə səbəb nədir?
- Allah keçmişimi mənə unutdurmaq üçün yaxşı günlər bəxş edir. O, hədiyyələri də mən gözləmirdim. Heç sözügedən hədiyyələrə görə də sevinmirəm.
- Bizə həyatınız haqqında nələri etiraf edə bilərsiniz?
- Uşaq vaxtı mənzilimiz yox idi. Ailəmlə birgə daxmada yaşayırdıq. Evimizin arxası məktəb hasarı idi. Əgər sözügedən məktəbin hasarı sökülsə, biz çöldə qalmalı olacaqdıq. Daxmamızda 1 dəmir yataq var idi. O yataqda da mən, qardaşlarım və atam yatırdıq. Anam isə qapının ağzında yatıb, kürəyini ora dayayırdı. Qapımız da taxtadan idi. Böyüdükcə anladım ki, anam övladlarını soyuqdan qorumaq üçün qapının yanında yatır. Onu da deyim ki, anamın əziyyətlərini heç nə ilə əvəz edə bilmərəm. Atamı isə çox vaxtsız 58 yaşında itirdim. Ona görə atalı olan insanlara həsəd aparmışam və mən ağlayanda heç kim mənim dərdimə şərik olmayıb. Hazırda valideyinimin, ailəmin, qardaşlarımın yükü mənim çiynimdədir. Bu günə şükürlər olsun ki, anama layiq övladam (ağlayır). Onu da deyim ki, efirlərdə ağlamıram ki, çörəyim, evim yoxdur. Mən ağlayıram ki, zamanında arxasız, dayaqsız olan İlham Mirzəyevə göydə Allah, yerdə dövlətim kömək etdi. Məni baltalamaq istəyənlər, alim hesab etməyənlər oldu. Ancaq mən o cür insanların elədikləri hərəkətə göz yumaraq bağışlayıram.
- Övladlarınız varmı?
- 2 uşağım var. Oğlumun 11, qızımın isə 3 yaşı var. Allah mənə 45 yaşımda qızımı hədiyyə edib. Düşünürəm ki, 50 yaşımda da Tanrı mənə yenə hədiyyə verəcək. Xüsusi ilə qeyd edim ki, heç vaxt istəmərəm övladlarım mənim yolumu davam etdirsin. İstərdim ki, oğlum və qızım həkim olsun. Allaha hər zaman dua edirəm ki, övladlarıma atasız böyüməyi nəsib etmə. Tanrıdan möhlət istəyirəm ki, uşaqlarımın toyunu görüm. Çünki istəmirəm ki, balalarım əmiyə, dayıya möhtac olsun. Onu da deyim ki, bu işimdə olmasa maşın yuyub, ailəmə baxaram.
- Bildiyimizə görə, bir çox analara maddi və mənəvi baxımdan yardım edirsiniz. Doğrudur?
- Bütün analar mənim üçün əzizdir. Oğlunu itirmiş anaları görəndə öz anama həsəd aparıram. Çünki bəzi analarımız var ki, şəhid olmuş, itkin düşmüş oğullarının gəlməklərini gözləyirlər. Mən onlara mənəvi və maddi dəstək oluram. Mən analarımızı ziyarət edib, dualarını alıramsa, bundan böyük xoşbəxtçilik ola bilməz. Qarşıdan Novruz Bayramı gəlir. Mən yenə də onların yanlarına gedib, qucaqlayıb öpüb, bayramlarını təbrik edəcəm.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB