Röya Ayxanın səhnəyə yarıçılpaq çıxması etiraza səbəb oldu FOTOLAR

Sarayın mətbuat katibi: “Röya Ayxanın açıq-saçıq görkəmdə konsert verməsi normal haldır”
Röya Ayxanın səhnəyə yarıçılpaq çıxması etiraza səbəb oldu FOTOLAR

Bir neçə gün bundan öncə 4 gün ard-arda Heydər Əliyev sarayında çıxış edən müğənni Röya Ayxanın geyimi hələ də aktual mövzu olaraq qalır. Sənətçinin Ulu Öndər Heydər Əliyevin adını daşıyan sarayda açıq-saçıq geyimdə səhnəyə çıxması bir çox tamaşaçıların qınağına səbəb olub. Bununla bağlı olaraq Mədəniyyət və Turizm Nazirliyindən, Heydər Əliyev Sarayından, Röya Ayxanın özündən münasibət öyrənməyə çalışdıq.

Bu haqda SİA-ya ilk olaraq Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov danışıb: "Dövlət tədbirlərində sənət adamlarının hansı geyimdə iştirakına nəzarət edə bilərik. Amma hansısa müğənni şəxsi təşəbbüsü ilə konsert verirsə və geyiminə diqqət etmirsə, biz buna cavabdeh deyilik. Artıq bəzi qadın sənətçilər kimi, kişilərin də paltarları qınaq obyektinə çevrilib. Bu cür sənətçilərin geyim problemlərinin qarşısını almaq üçün televiziyalara və kütləvi informasiya vasitələrinə güc düşür. Çünki bir çox kanallar onların açıq-saçıq geyimlərini çəkib efirə verir, kütləvi informasiya vasitələri isə şəkillərini yerləşdirirlər. Bu da mənim fikrimcə onların piarıdır. Biz Mədəniyyət və Turizim Nazirliyi olaraq istərdik ki, öndə olan sənət adamları səsləri və geyimləri ilə cəmiyyətə yararlı insanlar olsunlar".

Daha sonra məsələ ilə bağlı olaraq Heydər Əliyev Sarayının mətbuat katibi Anar Fərəczadə Röyanın geyimini normal hesab etdiyini söyləyib: "Röya xanım 4 gün Heydər Əliyev adına sarayda konsert proqramı ilə çıxış etdi. Konsert çox yaxşı keçdi. Qaldı ki sözügedən ifaçının geyiminə, biz Röya xanımın geyindiyi paltarlara görə məsuliyyət daşımırıq. Onu da deyim ki, bu konsert Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilib".

4 gün Heydər Əliyev adına sarayda konsert verən səbəbkarın özü ilə də əlaqə saxlamaq istədik. Bizim bütün suallarımızı ifaçının prodüseri Kənan Bayramov cavablandırdı: "Lazımsız adamların Röyanın konsertdə açıq-saçıq geyinməsi haqda rəy bildirmələri mənim üçün önəmli deyil. Bu cür düşünənlər məndən ağıllı ola bilməzlər. Mən nə etdiyimi çox yaxşı bilirəm. Onu da deyim ki, cəmiyyətin əksəriyyəti konsertdən razı qalıb".

Bütün xəbərlər Facebook səhifəmizdə