Firuzə İbadovanın bacısı azadlığa buraxıldı

2006-cı ildən 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən əməkdar artist Firuzə İbadovanın bacısı aktrisa Rəhilə İbadova dekabrın 11-də azadlığa buraxılıb. Bununla bağlı olaraq Firuzə xanımla əlaqə saxladıq. Müğənni SİA-ya açıqlaması zamanı bunları deyib: " Bacım Rəhilə günahsız olaraq 8 il həbsxanada yatdı. Hələ üstəlik pulunu da mənimsəyib aldatdılar. Şükürlər olsun ki, dünən azadlığa buraxılıb. Bildiyinizə görə, bacım aktrisadır. İnşallah bir müddətdən sonra yenidən işinin başına dönəcək".

Nəzərinizə çatdıraq ki, Rəhilə İbadova 1951-ci il sentyabrın 20-də Bakı şəhərində anadan olub. 1986-cı ildə Dövlət İncəsənət İnstitutunu bitirib. 37 il Abdulla Şaiq adına Dövlət Kukla Teatrında səhnə ustası və aktrisa işləyib. "Tık-tık xanım", "Cırtdan" və bir çox nağılın qəhrəmanını canlandırıb, cizgi filmlərinin səsləndirilməsində iştirak edib, "Adam ol" filmində çəkilib. 1970-ci ildə ailə qurub, beş uşaq anasıdır. 2006-cı ildə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, həbsxanadakı Dram Dərnəyinin rəhbəri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə