Reper münsif oldu

Azərbaycanda gənc rejissorların yaradıcı işləri ilə bağlı başlayan müsabiqənin vaxtı uzadılıb. Bu barədə layihənin mətbuat katibi Fuad Mədətov SİA-ya məlumat verib: " "AE group production"nın təşkilatçılığı ilə "Müasir Bakı" mövzusunda keçirilən müsabiqənin vaxtının uzadılmasının əsas səbəbi təqdim olunan ssenari mətnlərinin müsabiqənin tələblərinə qismən cavab verməsidir. Təqdim olunan 157 ssenaridən cəmi 20-i təşkilat komitəsi tərəfindən seçilərək, münsiflər heyətinə təqdim olunacaq. Bu baxımdan da təşkilat komitəsi ssenari mətnlərinin qəbulunu oktyabr ayının son gününə qədər uzadıb.

Nəzərinizə çatdıraq ki, "Müasir Bakı" mövzusunda keçirilən müsabiqənin səbəbi gənclərə öz ssenariləri əsasında film çəkmək şansını yaratmaqdır.

Qeyd edək ki, müsabiqədə iştirak edən şəxslərin ssenariləri ölkənin sayılıb-seçilən kino xadimlərdən ibarət münsiflər heyəti tərəfindən seçiləcək. Münsiflər heyəti Azərbaycanın xalq artisti, kinorejissor Yalçın Əfəndiyev (münsiflər heyətinin sədri), rejissor Elxan Cəfərov, kinooperator Nadir Mehdiyev, jurnalist Nazilə Babayeva və rep ifaçısı Anar Nağılbazdır. Müsabiqədə qalib gələn 3 nəfərin ssenarisinin ekranlaşdırılmasının bütün xərclərini ödəməyi təşkilatçı şirkət öz öhtəsinə götürüb. Müsabiqənin təşkilat komitəsinin rəhbəri "AE group production" rəhbəri Emil Ağayevdir. Qeydiyyat pulsuzdur.

Ətraflı məlumat üçün: (+994 012) 596 33 75; (+994 55) 252 59 51; (+994 55) 252 59 53.

Bütün xəbərlər Facebook səhifəmizdə