Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında əməkdar artist Aybəniz Haşımova "12 MAY" şirkətinin sponsorluğu və təşkilatçılığı, millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin təşkilati dəstəyi ilə "Dostluq körpüsü" layihəsi çərçivəsində konsert proqramı ilə çıxış edib. SİA-nın verdiyi xəbərə görə, konsertdə Aybəniz xanım səhnəni qızı Aynişan Quliyeva, Tacikistan müğənnisi Təhminə Niyazova, Qazaxstan müğənnisi Alişir Karimov, Kuba müğənnisi Emiliya Morales, Türkiyə müğənnisi Oya Ergün, eləcə də əməkdar artist Səlim Abbasov, Əsgər İsmayılov, Vüqar Ağayev və "Bülbüllər" qrupu ilə bölüşüb. Gecənin aparıcısı teleaparıcı Saleh Bağırov olub.
Kimsəsiz uşaqlar üçün nəzərdə tutulan konsertin əsas tamaşaçıları paytaxt qəsəbələrində yerləşən bir neçə internat evində məskunlaşmış kimsəsiz və fiziki qüsurlu uşaqlar olub. Tədbirdə, eləcə də millət vəkili Qənirə Paşayeva, "12 May" Şirkətinin rəhbəri Hacı Səbuhi Rəcəb, kinorejissor Eldar Quliyev, aktrisa Məlahət Abbasova və digər tanınmış ictimai-siyasi qonaqlar da iştirak ediblər.
Mərasimdə Saleh Bağırov ilk olaraq səhnəyə Aybəniz Haşımovanı və rəhbəri olduğu "Bülbüllər" qrupunu dəvət edib. Sonra Qənirə Paşayeva çıxış edərək dövlətimizin, eləcə də prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın kimsəsiz uşaqlara olan diqqət və qayğısından söz açıb. Millət vəkili çıxışından sonra əcnəbi və yerli sənətçilərə xatirə olaraq hədiyyələr təqdim edib.
Sənətçilərin çıxışları zamanı uşaqlar səhnəyə çıxaraq musiqi sədaları altında rəqs ediblər. Hər bir çıxış uşaqlar tərəfindən böyük sevinc və alqışlarla qarşılanıb. Konsertdə maraqlı məqamlardan biri Səlim Abbasovun müşayiəti ilə Kuba müğənnisinin "Bessame Mucho" mahnısını ifa etməsi olub. Qazaxıstan müğənnisi səhnədə öz mahnıları ilə yanaşı Rəşid Behbudovun repertuarından da bəstə səsləndirib. Tacikistan müğənnisi isə Almaniyada yaşayan Azərbaycan müğənnisi Seyran İsmayılxanovun onun üçün yazdığı "Bom-Bom" bəstəsini ifa edib.
Konsertin sonunda Aybəniz Haşımova səhnədə uşaqları başına toplayaraq onlara "Lay-lay" oxuyub. Xanım Haşımova valideyin qayğısından məhrum olmuş uşaqlara "Mən sizin ananızam" -deyərək, onları və digər tamaşaçıları öz ifası ilə kövrəldib. Konsertin gedişatında təşkilatçılar tərəfindən tamaşaçı uşaqlara şirniyyatlar paylanıb.
Qeyd edək ki, bu gün proqrama əsasən, əcnəbi qonaqlar "12 May" Şirkəti və Aybəniz Haşımovanın təşəbbüsü ilə Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını, Heydər Əliyev Mərkəzini, "Bülbül" adına Orta İxtisas Musiqi Məktəbini ziyarət ediblər. Hazırda qonaqların paytaxt ekskursiyası davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB