Meyxanaçı günahkar çıxdı

Bir neçə gündür rekord qıran Ayan və Nadir dueti ətrafında qalmaqal yaranıb. Deyilənlərə görə, sənətçilər "Sənin üçün" mahnısının müəllifi olan Samir Vidadan icazə almayıblar. Məsələ ilə bağlı Samir Vidanın fikirlərini öyrəndik. SİA-ya açıqlama verən meyxanaçı bunları dedi: "Mənim icazəm olmadan Nadir Qafarzadə ilə Ayan Babakişiyeva "Sənin üçün" adlı bəstəmi ifa ediblər. Buna görə məhkəməyə müraciət edəcəm. Hətta həmin mahnıya görə Türkiyədə yerləşən şirkətlərdən biri ilə müqavilə imzalamışam. Lakin bizim sənətçilər müəllifə hörmətsizlik edərək özbaşına oxuyublar". "Sənin üçün" mahnısına görə ittiham olunan Ayanla Nadirin də mövqelərini öyrəndik. Ayanın prodüsseri Rövşən Samirin dediklərinin əsasız olduğunu söylədi: "Sənin üçün" mahnısını Samir Vidanın özü Ayana təklif edib. Onun dedikləri ağ yalandır". Eyni zamanda Nadir Qafarzadənin mətbuat katibi də ittihamların əsassız olduğunu söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə