Əməkdar artist: “Övladımın yanına başqa kişi gətirə bilmərəm” MÜSAHİBƏ-FOTO
Əməkdar artist Firuzə İbadovanın SİA-ya müsahibəsi:
- Firuzə xanım, sizə yetərincə dəyər verilirmi?
- Səhnədə olduğum müddət ərzində bir çox mükafatlara layiq görülmüşəm. Onlar mənim əziz xatirələrimin sənədidir. Hər şeydən razıyam. Artıq müəyyən yaşa çatmışam. İstərdim ki, mənim də ürəyimdə tutduğum arzular həyata keçsin, evim olsun.
- Getdiyiniz bütün toylardan pul alırsınız?
- Xeyir. Bir çox toylar var ki, kasıb ailə olduğu üçün həmin el şənliyindən əliboş qayıdıram. Həmin insanların toyundan maddi gəlir güdmədiyim üçün Allah qapımı açaraq evimə ruzi gətirir. Bu Allahın böyük möcüzəsidir. Ancaq bəzi el şənlikləri olur ki, 6-7 saat oxuyaraq 200-400 manat civarında məvacib götürürəm. Toy zamanı əyləşəndə ev sahibi soruşur ki, "yoruldunuz?" Amma mən demək istəyirəm ki, mən yorulan sənətçi deyiləm. Hər kəsə bəllidir ki, illərdir səhnədəyəm və öz sözümü demişəm.
- Şou-biznesdə səmimi və dürüst insanlar var?
- Bizim sənətdə riyakarlar çoxluq təşkil edir. Hər kəs yalandan bir-birinin üzünə gülür və dostluq edirlər. Ancaq illər öncə belə hallara rast gəlmək mümkün olmazdı. Həmin dövrlərdə qalmaqal yox idi. İndi isə sənətçilər bir-biriləri ilə dalaşırlar. Amma mən əsla dava-dalaş sevən ifaçılardan olmamışam. Buna görə də şükr edirəm.
- 18 ildir eyni səhnəni duet ortağınız Cavanşir Məmmədovla birlikdə bölüşürsünüz. Niyə ondan başqa heç bir sənətçi ilə duet oxumamısınız?
- Bu mənim ilk öncə tərbiyəmdən irəli gəlir. O ansamblda özümə qarşı böyük hörmət görmüşəm. Qrup heyətində bütün uşaqlar mənə "Bibi" deyərək müraciət edirlər. Hətta mənim yanımda siqaret belə çəkmirlər. Hər dəfə başqa kişi müğənnisi ilə eyni səhnəni bölüşə bilmərəm. Çünki onun xasiyyətinə bələd deyiləm. Bunların hamısını nəzərə alaraq Cavanşir bəylə duet oxudum. Eyni zamanda da sözügedən duet ortağım ilə səs tonumuz və səhnə görünüşümüz bir-birinə uyğun gəlir. Mən səhnəyə müqəddəs yer olaraq baxıram. Ora mənim çörək ağacımdır. Dünyaya 10 dəfə gəlsəm, yenə də səhnəni seçərdim.
- Qadın sənətçi olmaq çətindir?
- Bu sənətdə xoşbəxt olan qadın xalq artistləri var. Onlardan Səkinə İsmayılova, Mələkxanım Əyyubovanın adlarını çəkə bilərəm. Bu cür qadınlarımızın olması ilə qürur duyuram. Amma mənim kimi həyatda tək olan qadın müğənni heç vaxt xoşbəxt ola bilməz. Çünki mənim güvənəcəyim oğlum və həyat yoldaşım yoxdur. 43 ildir ki, çiyinlərimdə kişi yükü daşıyıram. Artıq çiyinlərim ağrıyır.
- 43 ildə ailə qurmamağınıza səbəb nə olub?
- Buna səbəb mənim mədəniyyətim və tərbiyəmdir. Övladımın yanına başqa kişi gətirə bilmərəm. Mənim kimi insanlar çətin yaşayırlar. Çünki zamanında səhvlik elədim. Qızım kiçik olanda gərək ailə qurardım və bu sənətdən gedərdim. Amma sonra düşünürəm ki, bu sənətdən getsəydim, yerim boş qalardı və mahnılarım ağlayardı. Həm də mən musiqisiz yaşaya bilmərəm. Sonuncu dəqiqələrimə qədər səhnədə olacam.
- Uşaqlıq illəriniz necə keçib?
- Uşaqlıq illərim həm maraqlı, həm də kədərli olub. Uşaq dövründən əzab-əziyyətlə böyümüşəm. Anam və atam hər zaman mənə görə mübahisə ediblər. Buna səbəb isə atamın anamla nigahda ola-ola başqa qadınla evlənməsi olub. Onu da deyim ki, anam çox ziyalı ailənin qızı olub. Rəhmətlik atam, anam işdə olan zaman məni oğurlayıb yanına gətirirdi. Anam da işdən qayıtdıqdan sonra öz evinə aparırdı. Kasıb ailənin qızı olduğum üçün bacımın ayaqqabılarını geyinib məktəbə gedirdim. Əziyyətlə böyüdüyüm üçün həyatın dəyərini bilirəm və keçmişimi heç vaxt utanmamışam. Həmişə fəxr etmişəm ki, başı örpəkli anam var. Xüsusilə nəzərinizə çatdırım ki, anam 4 övlad böyüdüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB