Türk sənətçisinin yekun konserti baş tutdu FOTO

Türk sənətçisinin yekun konserti baş tutdu FOTO

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Qarabağdan Anadoluya könül körpüsü" adlı layihə keçirilib. SİA-nın verdiyi xəbərə görə, millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və Hacı Səbuhi Rəcəbin təsis etdiyi "12 May" Groupun dəvəti ilə Azərbaycana təşrif buyurmuş türk sənətçisi Başkalın yekun konserti olub. Tədbirdə millət vəkili Qənirə Paşayeva, əməkdar artistlər Elza Seyidcahan və Aybəniz Haşımova, müğənnilər Başkal və Aynişan, media nümayəndələri və başqaları iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan millət vəkili Qənirə Paşayeva hər kəsi salamlayaraq bir neçə gün ərzində türk sənətçisi Başkal bəylə səfər etdiyi rayonlardan söz açıb: "Başkal bəylə Tovuz rayonundan sonra Gəncə şəhərində məskunlaşmış Kəlbəcər qaçqınlarını ziyarət etdik. Sözügedən sənətçi onlar üçün sevilən bəstələrini ifa etdi. Daha sonra heyət proqram çərçivəsində Tərtər rayonuna yola düşdük. N saylı hərbi hissəyə təşrif buyuraraq zabit və əsgər heyəti ilə görüş keçirdik. Onu da deyim ki, Başkal bəylə yanaşı əməkdar artist Elza Seyidcahanda bizimlə birgə oldu. Bir neçə gün ərzində dayanmadan rayonlara səfər edən insanlara öz təşəkkürlərimi bildirirəm".

Qənirə Paşayeva türk sənətçisini diplomla təltif edərək hədiyyələr verib.

Tədbirin davamında Başkal bəy öz musiqilərini oxuyaraq gecəyə gələnləri əyləndirib. Sonra səhnəyə əməkdar artist Elza Seyidcahan çıxıb və bir neçə gün ərzində Başkal bəydən razı qaldığını deyərək mahnılarını oxuyub.

Nəzərinizə çatdıraq ki, əməkdar artist Aybəniz Haşımova müəlliməsi, dahi sənətkar Şövkət Ələkbərovanın diskini Başkal bəyə hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə