"Aygün Kazımova xarici ölkələrdən adət-ənənəmizə uyğun olmayan hərəkətlər gətirib" MÜSAHİBƏ

"Aygün Kazımova xarici ölkələrdən adət-ənənəmizə uyğun olmayan hərəkətlər gətirib" MÜSAHİBƏ

Azərbaycanlı müğənni Elnar Xəlilovun SİA-ya müsahibəsi:

- Uzun zamandır efirlərdən kənar düşmüsünüz. Hazırda yaradıcılığınızda nə kimi yeniliklər var?

- Yeni mahnılar yazdırıram. Eyni zamanda yaxın ərəfələrdə klip çəkdirməyi də düşünürəm. Klip çəkdirəcəyim mahnın sözləri teleaparıcı Cavid Gülə məxsusdur. Ümid edirəm ki, sənətimə verdiyim fasiləni bir daha təkrarlamayacam və mənə dəstək olan tapılacaq.

- Bildiyimizə görə, "Yeni ulduz" yarışmasının iştirakçısı olmusunuz. Həmin dövrlərdən bu günə qədər qalmaqallarda adınız hallanmayıb. Buna səbəb nə olub?

- Şou-biznes qalmaqal demək deyil. Ancaq mənim bəzi həmkarlarım şounu dava-dalaşsız təsəvvür edə bilmirlər. Heç vaxt kiməsə söz atmamışam. Lakin əsəbləşdiyim sənətçilər var ki, açıq meydan olsa onlara öz iradlarımı söyləyərəm.

- Musiqi təhsiliniz varmı?

- Bəli. 12 il dahi sənətkarlardan musiqi təhsili almışam. Hətta Azərbaycanla yanaşı, Moskvada da musiqi təhsilimi davam etdirmişəm. Ağaxan Abdullayev, Xuraman Qasımova, Mübariz Tağıyev, Natəvan Şeyxova kimi sənətkarlardan dərs almışam. Adlarını saydığım sənətkarlar musiqi aləmində sözlərini deyən sənətkarlardır. Şou-biznesdə bəxtim gətirməsə də bu kimi insanlardan dərs aldığım üçün çox xoşbəxtəm. Ümid edirəm ki, 12 illik təhsilim yerdə qalmayacaq.

- Şou-biznesdə bəxtiniz niyə gətirmədi?

- Şou-biznes və efirlərdə daimi qala bilmədim. Buna səbəb isə maddiyyatdır. Çünki bir mahnını ərsəyə gətirdikdən sonra digər bəstəni işıq üzü görməsinə pulum çatmadı.

- Bildiyimizə görə Moskvadan yeni gəlmisiniz. Hələ ki, toylara da getmirsiniz. Bəs, gəlir yeriniz hardandır?

- Yaxın zamanlarda şərikli restoran açmışdım və 12 min manat pul yatırmışdım. Düşündüm ki, bu məkanı açaraq pul qazanıb, şou-biznesə qatılaram. Lakin arzum ürəyimdə qaldı. 15 günlük işimlə bağlı Moskvaya getdim və dönüşüm zamanı gördüm ki, şərikim səhlənkarlıq etdiyi üçün yatırdığım 12 min manat pulum batıb.

- İfaçının aktyor və teleaparıcı kimi özünü sınamasına münasibətiniz necədir?

- Əgər ifaçı 3 sənəti də layiqincə yerinə yetirirsə, niyə də olmasın?Ancaq bəzi sənətçilərimiz var ki, fanatlarından başqa onları heç kəs dəstəkləmir. Odur ki, hər bir insan görə biləcəyi işdən möhkəm yapışmalıdır. Onu da deyim ki, mən də zamanında aktyorluq və aparıcılq etmişəm. Aparıcı üçün bədən dili çox vacibdir.

- İfaçı olmasaydınız hansı sənət üzrə çalışmaq istərdiniz?

- Ən sevdiyim və arzuladığım peçə psixoloqdur. Mən də psixoloq olmaq istərdim. Hətta yaxın zamanlar da Ukraynaya sənətlərimi verəcəm. İstərdim ki, ikinci sənət kimi psixoloq sənətinə də yiyələnim.

- Hansı sənətçilərimizlə duet oxumaq istərdiniz?

- Adı və soyadı mənə yaxın olan Elnarə Xəlilova ilə oxumaq istəyərdim. Hətta "Yeni ulduz" yarışması zamanı mənə Elnarə Xəlilova ilə bacı-qardaş olduğumuzu söyləyirdilər.

- Şou-biznesdə özünüzə örnək götürdüyünüz müğənni varmı?

- Xeyir. Hamıya qulaq asıram. Hətta balaca uşağı belə dinləyərək özüməməxsus olanları götürürəm.

- Hazırda gündəmdə olan sənətçilərimizdən nə götürmüsünüz?

- Hələ ki, onlaradan bir şey əldə edə bilməmişəm. Çünki qəbullarına düşə bilməmişəm (gülür). Onu da deyim ki, qalmaqal edən xalq artistlərimizdən isə yalnız dava-dalaş götürmüşəm. Mənə elə gəlir ki, xalq artistləri cavanlara nümunə olmalıdır. Çirkli söz-söhbətlərə əl atmaq düzgün deyil.

- Dini inanclara inanırsınız?

- Bəli çox inanıram. Hətta ömrümün bir neçə ilini dinə həsr etdim. Saysız-hesabsız dərəcədə dini kitablar oxumuşam. Bir şeyi də nəzərinizə çatdırım ki, əməkdar artist Elza Seyidcahan verilişlərin birində bilmədiyi dini mövzuda müzakirə edərək yanlış fikirlər irəli sürdü. Ancaq hədisdə də var ki, dinə yenilik gətirən insan cəhənnəmlikdir.

- Deyilənlərə görə xalq artisti Aygün Kazımova şou-biznesə performans gətirib. Siz bu fikirlə razılaşırsınızmı?

- Məncə, Aygün Kazımova xarici ölkələrdən adət-ənənəmizə uyğun olmayan hərəkətlər gətirib. Bu da yenilik demək deyil. Aygün Kazımova Azərbaycanda komplekssiz qadın obrazını yaradıb. Xanım Kazımova sənətə heç bir yenilik gətirməyib.

- Elnar Xəlilov şou-biznesə hansı yeniliyi gətirəcək?

- Fikrimcə hərtərəfli insan yoxdur. Odur ki, Elnar Xəlilova nə yaxşı şey qismət olar. Onu da tamaşaçıları ilə bölüşər.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə