Bu gün Şərqin ilk opera yazan qadın bəstəkarı Şəfiqə Axundova ilə vida mərasimi baş tutub. SİA-nın verdiyi xəbərə görə, mərhum sənətkarla vidalaşmaq üçün Millət vəkili Qənirə Paşayeva, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova, xalq artistləri Canəli Əkbərov, Nəzakət Teymurova, əməkdar artistlər Firuzə İbadova, Aybəniz Haşımova, Gülyanaq və Gülyaz Məmmədova bacıları, Zöhrə Abdullayeva, Əməkdar incəsənət xadimi Tahir Əkbər, bəstəkarlar Nailə Mirməmmədli, Xanım İsmayılqızı, Aygün Səmədzadə, müğənni Roza Zərgərli, media nümayəndələri və başqaları iştirak ediblər.
Tanınmış simalarla yanaşı, adi tamaşaçılar da vida mərasimində iştirak etmək üçün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrına gəlmişdilər.
Nəzərinizə çatdıraq ki, Millət vəkili Qənirə Paşayeva, xalq artistləri Canəli Əkbərov, Nəzakət Teymurova, əməkdar artistlər Firuzə İbadova, Aybəniz Haşımova, bəstəkar Aygün Səmədzadə Şəfiqə Axundovanın dünyasını dəyişdiyinə çox kədərləndiklərini dilə gətirməklə yanaşı, hətta göz yaşlarını saxlaya bilmədilər.
Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Şəfiqə xanımın dahi bəstəkar olduğunu dilə gətirib və onun ailəsinə baş sağlığı verib.
Millət vəkili Qənirə Paşayeva Şərqin ilk opera yazan qadın bəstəkarı Şəfiqə Axundova haqqında söz açıb: "Şəfiqə xanım həyat dolu qadın idi. O, həyatı dolu-dolu yaşayıb. Bəstəkarımız qətiyyən ölmək istəmirdi. Ən böyük arzusu isə 90 ilik yubileyini görmək idi. O, Üzeyir Hacıbəyovun son beşiyidir. Şəfiqə xanım Azərbaycan mədəniyyətinin varisidir. Onun ölümü həqiqətən Azərbaycan musiqisinə böyük zərbə vurdu".
Daha sonra Xalq artisti Canəli Əkbərov da Şəfiqə Axundovanın Azərbaycan musiqisinə əvəzsiz xidmətlərindən söz açıb: "O, musiqi baxımından zəngin olduğu kimi, daxili aləmində də çox gözəl xanım idi. Mən onun ruhu qarşısında baş əyirəm. Dövlətinə və xalqına bağlı biri idi. Sevinirəm ki, Şəfiqə xanım musiqimizə də əvəzsiz töhvələr verib. Onun yaratdığı əsərlər hər zaman bizə kömək edəcək. Allahdan mərhum sənətkarımıza rəhmət diləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB