Ailəmlə boşanmağıma səbəb... MÜSAHİBƏ

Ailəmlə boşanmağıma səbəb... MÜSAHİBƏ

Nəğməkar şair və iş adamı Azad İsayevin SİA-ya müsahibəsini sizlərə təqdim edirik:

- Eşitmişik Röya ilə sevgi münasibəti yaşamısınız. Bu xəbər doğrudurmu?

- Röya çox səmimi qızdır. O, başqalarından fərqi olaraq, dostluq etməyi bacarır. Röya mənim çox yaxın dostumdur. Biz heç vaxt sevgi macərası yaşamamışıq.

- Ancaq mətbuata yayılan şəkillərdə çox səmimi görünürsünüz...

- Fotolarda səmimi ola bilərik. Amma bu ona dəlalət gətirmir ki, biz eşq yaşayırıq. Sözügedən görüntülər dostluq üzərində qurulan şəkillərdir və bunu başqa yerə yozmağa ehtiyac yoxdur.

- Mediada yayılan digər xəbərlərə görə, evliliyiniz məhz Röya ilə olan şəkillərinizə görə, dağılıb. Bu doğrudurmu?

- Xeyir, yalnış informasiyadır. Ailəmin dağılmasına səbəb bu şəkillər olmayıb. Necə ola bilər ki, bir şəklə görə ailəmdən ayrılım? Dostumla şəkillərimin çəkilməsi məni narahat etmir. Əgər ona dost deyib, şəkil çəkdirib, bunu qəbahət bilmirəmsə, bu səbəb üçün ailəmdən boşanmaram. Razı ola bilmirəm ki, mənim ailəmlə ayrılmağıma səbəb kimi Röya ilə çəkdiyim şəkillər göstərilsin. Bu tamamilə yalnış fikirlərdir. Röya mənim dostum olub və hər zaman da olacaq. Röya dırnaqarası dostlarımdan fərqli olaraq, yaxşı və pis günümdə yanımda olub.

- Röya ilə çəkdirdiyiniz fotoların mətbuatda yayımlanmasına niyə qadağa qoymadınız?

- Bəli, gərək mən bu şəkillərin yayılmağına icazə verməyəydim. Şou-biznes aləmindən o qədər də anlayışım olmadığından, şəkillərin yayılmağına imkan yaratdım. Mən iş adamıyam və şou-biznes ilə maraqlanmıram. Şükürlər olsun ki, Allahın qarşısında bu məsələdə bir günahım və ya səhvim yoxdur. Başqalarının fikirləri ümumiyyətlə, mənə maraqlı deyil.

- Bəs, boşanmağınıza səbəb nə olub ?

- Bu mövzuda danışmaq ailəsindən ayrılmış biri kimi mənə çox çətindir. Ancaq gizlətməyəcəm. Səbəb mənim psixoloji vəziyyətim olub. Həddindən çox əsəbiyəm. Artıq bunlar olub-keçib. Hər şərdə bir xeyir var.

- Ailəli biri ilə sevgi yaşayardınızmı?

- Təbii ki, yox! Bu mənim xarakterimə uyğun hərəkət deyil. Mən necə ailəli bir qadınla hər hansı münasibət qura bilərəm? Bu ağılasığmaz fikirlər hardan çıxır, bilmirəm. Mən sadəcə, bu şayiələri yayan insanlara demək istəyirəm ki, gedin başqa insanlardan yazın. Mənə toxunmayın!

- İkinci dəfə ailə qurmaq barədə düşünürsünüzmü?

- Axı mən hələ boşanmamışam! Eyni zamanda da hələ evliliyə psixoloji baxımdan hazır deyiləm. Yenidən ailə qurmaq barədə düşünmürəm. Xüsusilə vurğulayım ki, birinci dəfədir mən mətbuata, yəni sizə öz şəxsi həyatım barədə müsahibə verirəm.

- Sosial şəbəkələrdə bir xanımın şəkillərini paylaşmısınız. Deyilənlərə görə, həmin qızla evlənməyə hazırlaşırsınız. Xəbər doğrudurmu?

- Yaxşı deyiblər "Qız evində toydur, oğlan evinin xəbəri yox". Bu, ona bənzədi. Oradakı həmin foto xanımla mənə aid deyil. Sadəcə, hər ikimizin fotolarını birləşdirib şayiə yaradırlar. Bu cür quraşdırılıb belə yozulması çox gülməli söhbətdir. Mən o dərəcədə dərrakəsiz və təkamülsüz insanam ki, həyatımda ən təhlükəli addımı ikinci dəfə atım? O zaman mənə iş adamı yox, "Avara Azad" deyərdilər.

- Onda belə bir nəticəyə gəlirik ki, bu evlilik xəbəri yalandır?

- Əlbəttə, yalandır. Ola bilər ki, dostlarımın zarafatıdır. Artıq şəxsi həyatımı dostlarım arasında da danışmağa qorxuram. Ancaq onu deyə bilərəm ki, həyatımda bir insan var və o mənə bu vəziyyətim ilə bağlı çox dəstək olur. Mən hazırda evlilik barədə deyil, öz işlərim haqda düşünürəm. Çünki bir vaxtlar çox çətin dövr keçirdim və neqativ halları üzərimdən atmaq o qədər də asan olmadı.

- Bu çətin dönəmi necə keçirdiniz ?

- Çox pis halda idim. Mən nə bilərdim ki, qurduğum ailə dağılacaq, işlərim də alt-üst olacaq? Türkiyədən gəlib işlərimi davam etdirəcəm. Son dörd ayda çox pis vəziyyətdə idim. Həm psixoloji, həm şəxsi, həm də maddi baxımdan əziyyət çəkirdim. Allaha şükürlər olsun ki, bu gün hər şey qaydasındadır və çalışacam ki, bundan sonrakı həyatımı səhv etmədən yaşayım. Düzdür, səhvsiz insan olmur, ancaq mən buna səy göstərəcəm. Sonunda demək istəyirəm ki, mətbuatda mənim şəxsi həyatım barədə heç nə yazmasınlar. Çünki mən gündəm insanı deyiləm, məni şouya qatmaq lazım deyil.

- Bundan sonrakı həyatınızı necə yaşamaq istərdiniz?

- İlk evliliyimdən bir qızım var. Adı Mədinədir. Bundan sonrakı həyatımı ona həsr etmək istəyirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə