Muğam ifaçısının klip təqdimatında nələr yaşandı?

Muğam ifaçısının klip təqdimatında nələr yaşandı?

Bu gün muğam ifaçısı Könül Məmmədli "Nə qaldı" mahnısına çəkdirdiyi klipinin təqdimat mərasimi keçirib. SİA-nın verdiyi xəbərə görə, onu təbrik etmək üçün xalq artistləri Əlibaba Məmmədov, Canəli Əkbərov, Dövlət Muğam Teatrının direktoru Arif Qazıyev, mədəniyyət və incəsənət xadimi Şeyx Əbdül, aktyorlardan Rafael İsgəndərov, Nicat, Elməddin, rejissor Ramin, media nümayəndələri və başqaları iştirak edib.

Təqdimat mərasimini giriş sözü ilə açan aktyor Elməddin Könül Məmmədlinin yeni ərsəyə gətirdiyi "Nə qaldı" klipi haqqında danışıb: "Sözügedən klipə montaj işlərindən sonra baxdım və çox bəyəndim. Ümid edirəm ki, Könülün klipləri davamlı olar".

Tədbirdə çıxış edən xalq artisti Əlibaba Məmmədov Könül Məmmədlinin bacarıqlı qız olduğunu dilə gətirib: "Könül mənim tələbəmdir. Çox bacarıqlı xanəndədir. Qısa zamanda böyük işlər görüb, məsuliyyətli qızdır. Üzərində daima çalışır. Könül Məmmədliyə işlərində uğurlar arzu edirəm".

Söz alan xalq artisti Canəli Əkbərov səbəbkarın əxlaqından söz açaraq tərbiyəli xanım olduğunu diqqətə çatdırıb: " Könülün ailəsini çox yaxşı tanıyıram. Tərbiyyəli ailədə göz açıb. Onu da deyim ki, Könül Məmmədli çox yaxşı yol yoldaşıdır. Dostluğu bacaran xanımdır. Könülün belə cəsarətli addımlarının bol olmasını istərdim".

Daha sonra Dövlət Muğam Teatrının direktoru Arif Qazıyev çıxış edərək "Nə qaldı" klipinə olan iradlarını bildirib: " "Nə qaldı" klipində bəzi məqamlar var ki, razı qalmadım. Ancaq maddi cəhətdən çətin də olsa, Könül bu klipin öhdəsindən gəlib. Ümumilikdə klip yaxşı alınıb".

Mədəniyyət və incəsənət xadimi Şeyx Əbdül muğam ifaçısı Könülün gələcəkdə daha yaxşı işlər görməyini məsləhət görüb: "Könül gələcək yaradıcılığında bundan da yaxşı layihələrə imza ata bilər. O, özündən böyüklərdən dərs götrürməldir. Təbrik edirəm".

Qeyd edək ki, təqdimat mərasiminin sonunda muğam ifaçısı Könül Məmmədlinin "Nə qaldı" adlı yeni klipi nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə