Bu gün şairə Aysel Əlizadənin Türkiyədə "Bəyaz külək" hekayələrinin və Azərbaycanda çap olunan "Təkliyə düzəliş" şeirlər kitabının təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, APA-nın baş direktoru Vüsalə Mahirqızı, şairələr Aysel Əlizadə və Rəbiqə Nazimqızı, şairlər Fərid Hüseyn, Şərif Ağayar, Ceyhun Solğun, 31 nömrəli məktəbin direktoru, tarixçi Şükufə Məmmədsalahova, media nümayəndələri və başqaları iştirak ediblər.
Təqdimat mərasimini giriş sözü ilə açan 31 nömrəli məktəbin direktoru, tarixçi Şükufə Məmmədsalahova tələbəsi Aysel Əlizadənın kitabları haqqında fikirlərini söyləyib: "Biz hər zaman şagirdlərimizi dəstəkləmişik. Aysellə məktəbimiz fəxr edir. O, uşaq vaxtından poeziyaya böyük marağı olub. Onun "Bəyaz külək" hekayələrinin və Azərbaycanda çap olunan "Təkliyə düzəliş" şeirlər kitabları inanırıq ki, uğur gətirəcək".
Mərasimdə çıxış edən şairə Rəbiqə Nazimqızı Ayselin bacarıqlı qız olduğunu diqqətə çatdırıb: "A. Əlizadə həm nəsrdə həm də şeirdə gözəl yazmağı bacarır. Məni ən çox onu şeirlərini oxumağa cəlb edən qüvvə ağrı-acıların hiss olunmasıdır".
Sonra söz alan şair Fərid Hüseyn "Təkliyə düzəliş" şeirlər kitabını çox bəyəndiyini söyləyib: "Ayselin digər şairlərdən əsas fərqi şeirlərinə özünü qurban verməsidir. Onun da bu fədakarlığı məni çox sevindirir və kitablarını oxumağa vadar edir".
Daha sonra çıxış edən Şərif Ağayar qadınların yaxşı şeir yazmasına inanmadığını dilə gətirib: "Mən qadınların yaxşı şeir yazmasına şübhə ilə yanaşırdım. Ancaq Aysel Əlizadə məni bu fikrimdən daşındırdı. Çünki şeirləri oxuyanda hiss etdim ki, o qızın böyük ürəyi və dəstixətti var. Onu da deyim ki, şairələrinin əsas qayəsi qadınların problemini poeziyaya çıxartmaqdır. Son dövrlərdə qadın yazarların göstərdiyi şücaət hiss olunmaqdadır. Etiraf edim ki, qadınların inkişaf etməsinə kişilər imkan vermir".
APA-nın baş direktoru Vüsalə Mahirqızı da kitablar haqqında öz fikirlərini bildirib: "Bəşəriyyətdə əsər yaratmaq insanlara məxsudur. Odur ki, elə əsərlər yaratmaq lazımdır ki, maraqlı olsun. Aysel Əlizadənin yazdığı əsərlərdən insanlar çox təsirlənirlər. Onu da diqqətinizə çatdırım ki, Ayselin atasının qəbrinin üstündə yazdığı şeiri oxuyarkən çox kədərləndim".
Qeyd edək ki, şairə Aysel Əlizadə tədbirin sonunda dünyasını dəyişmiş atası üçün yazdığı şeiri mərasim iştirakçılarına təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB