“Məni Türkiyədə efirlərə dəvət etmirlər” MÜSAHİBƏ

Müğənni Elariz Məmmədoğlunun SİA-ya müsahibəsi:

- 2013-cü ildə tamaşaçıları hansı yeniliklərinizlə sevindirəcəksiniz?

- Bildiyiniz kimi, 2011-2012-ci illərdə bəzi təqdimatlarım oldu. 2013-cü ilə isə 90% hazırlaşmışam. Onu da deyə bilərəm ki, yeni albomum artıq hazır olmaq üzrədir. Yeni mahnı üzərində çalışıram. Hələ ki, hazır deyil. Bundan başqa, yeni klipim də hazırdır. Lakin hələ təqdimatını etməmişəm. Mahnımın adı "Sevgi nağılı"dır. Sözügedən klipin rejissoru Rəhman Əliyev, operatoru Caviddir. Ssenari müəllifi, mahnının sözləri və musiqisi özümə məxsusdur.

- Konsert verməyi düşünürsünüz?

- Konsert barədə birmənalı onu deyə bilərəm ki, əvvəllər mənim konsertlərim Şəhriyar adına mədəniyyət evində olub və anşlaqla keçib. Ondan başqa iki dəfə telekonsert vermişəm . Onlar da müxtəlif kanallarda indi də yayımlanır. Sadəcə şou-biznes deyilən məfhumun ikinci tərəfi biznes olduğundan işi bir az çətinləşdirir. Yəni ki, əgər biz bir işə 10 manat qoyub 11 manat götürəcəyiksə bu çox gözəl qarşılanır. Lakin, 10 manat qoyub 3 manat götürəcəyiksə bu artıq bizim ziyanımızadır. Onu da deyə bilərəm ki, mənim çıxış etdiyim toyların səviyyəsi də çox qənaətbəxşdir. Onlar konsertə bərabər olduğundan insanlar istirahət edir.

-Elariz bəy , qeyd etdiyiniz kimi azərbaycanlı müğənni üçün konsert keçirmək qəliz məsələdir. Amma bu çətinlik yalnız bizim üçündür. Çünki bu türk və ya əcnəbi ifaçılar üçün heç də çətin deyil. Bu barədə nə deyə bilərsiniz?

- Onun da sirrini mən özlüyümdə açmışam. Məsələn, qardaş Türkiyənin müğənnilərini, eləcə də xarici müğənniləri tamaşaçılar televiziyada görürlər. Sonra Bakıya gəldikdə insanlar onları görməyə can atır. Amma bizdə, əgər tamaşaçı müğənnini dünən toyda görübsə, bu gün həmin ifaçı konsert versə artıq o konsertə heç kim gəlmiyəcək. Ona görə də müğənni heç olmasa iki il tamaşaçı qarşısına çıxmasın. Buna misal olaraq mənim dostlarım "Bu şəhərdə" yumoristik qrupunun üzvləri Rafael və Coşqunu misal göstərmək olar. Bəzən tamaşaçıların qarşısına çıxaraq konsertlərini anşlaq edirlər.

- Ümumiyyətlə, hər hansı əcnəbi müğənni ilə eyni səhnəni bölüşməyi düşünürsünüz?

- Ola bilər, lakin bu böyük məsrəf tələb edir.

- Sizcə Azərbaycan şou-biznesi ilə Türkiyə şou-biznesi arasında fərq nədədir?

- Fərq ondadır ki, məni Türkiyəyə çağıranda toya çağırırlar.

- Elariz Məmmədoğlunu verilişlərə çağırmamaqlarına səbəb nədir ?

- Doğrusu, türk verilişlərinə çıxmağa can atmamışam. Məni xarici ölkələrə dəvət edəndə estrada ifaçısı kimi dəvət edirlər. O zaman öz repertuarımdan, eləcə də xalq və bəstəkar mahnılarına müraciət edirəm. Konsert kimi isə Moskvada, Peterburqda Sərxan Kərəmoğlunun təşkil etdiyi xeyriyyə konsertlərində iştirak etmişəm. Xarici ölkələrdə isə Novruz bayramı, 8 mart Beynəlxalq Qadınlar günü, Dünya azərbaycanlılarının həmrəylik günü münasibətiylə səfərlərdə olmuşam. Lakin mənim əsas işim toylarda iştirak etmək olub. Çünki hər kəs bilir ki, toyları məndən yaxşı idarə edən yoxdur.

- Elariz bəy, fikrinizcə müğənnilərin toysuz günü olsun və ya olmasın?

- Bu arzu bir tərəfdən yaxşıdır, bir tərəfdən isə pisdir. Düzdür toysuz bir günümüz olmasın. Ancaq toylardan başqa konsertlər də vardır ki, onlarsız günümüz olmasın. Həmkarlarıma möhtəşəm konsertlər, şou-proqrammlar, toylar, eləcə də gecə klublarında çıxışlar arzu edirəm. Bu yaxınlarda Türkiyədə olarkən gecə klublarından birində oldum. Hansı ki axşam 9-dan gecə saat 3-ə kimi fəaliyyət göstərir. Orada müşahidə etdim ki, estrada və folklor janrında ifa edənlər yaxşı gəlir əldə edirlər. Ona görə də mən bizim müğənnilərə təkcə toylardan yox, diskotekalardan, restoranlardan həm də gecə klublarından pul qazanmağı arzu edirəm. Çünki, pul qazanmaq ayıb deyil.

- "Azərbaycanlı ifaçılar ancaq toya can atırlar" - bu fikirlə razılaşırsınız?

- Əgər Azərbaycan müğənnisi toylara gedirsə, demək ki, o həmkarlarından daha da tanınmışdır. Ümumiyyətlə canlı oxumaq çox çətindir. Yüz müğənnidən bunu yalnız 5 nəfər bacarır. Digərləri isə fonoqramla yola verirlər. O beş nəfər də mənim kimi toylara baha gedir.

- Elariz bəy azəri sənətçiləri daha çox Türkiyə şou-biznesinə üstünlük verirlər. Siz də həmkarlarınız kimi bu adətə sadiq qalacaqsınız?

- Ümumiyyətlə, həmkarlarımın Türkiyə şou-biznesinə üstünlük vermələri təbii haldır. Çünki dilimiz, dinimiz birdir. Burada təccüblü bir şey yoxdur. Eyni zamanda türk şou-biznesinə qoşulmaq da asandır. Amma mənim belə fikrim yoxdur. Hətta mənə deyirlər ki "Kral Tv"-də kliplərini yerləşdir. Hər kəs məni tanısın. Lakin mən istəmirəm. Çünki sərbəstliyimi itirmək istəmirəm. Oradakı insanlar məni tanıyaraq rahatlığımı əlimdən alacaqlar. Mənə ancaq vətənimdə məhşurlaşmaq kifayət edir.

- Bəs, siz özünüzü şou-biznesdə görürsünüz?

-Bilirsiniz, son illərdə şou-biznes sözü adi sözə çevrilib. Kim ki bu sözü eşidir elə bil qorxuya düşür və deyir ki, mən şou-biznesdə deyiləm. Amma mən fikrimcə bu işdən gəlir qazanan hər kəs şou-biznesdədir.

- Bəlkə bizim şou-biznesdə qalmaqallar daha aktivdir. Ona görə bu sözü düzgün başa düşmürlər?

- Mən sizinlə razılaşıram. Amma onu da deyim ki, söz-söhbətlər reytinq qazandırır. Fikrimcə, elə işlərlə məşğul olmaqdansa səs yazma studiayasında çəkilişlər apararaq yaradıcılığımızla gündəmdə qala bilərik.

- Son zamanlar şou-biznesdə durğunluğun yaranmasına səbəb nədir?

- Az öncə qeyd etdiyim kimi, qalmaqalların çox olmasından artıq heç nəyə maraq qalmayıb. Tamaşaçını daha bu cür şeylərlə aldatmaq olmaz. Hamı kimin necə olduğunu bilir.

- Elariz Məmmədoğlu özünü hansı geyimlərdə daha rahat hiss edir?

- Mənə idman üslubu çox rahatdır. Lakin çox vaxt idmanla ciddi geyim tərzini qarışdırmağı sevirəm. Onu da nəzərinizə çatdırım ki, idman stilindı geyinən insanlar ürək baxımından cavan olurlar.

- Əkdirdiyiniz saçınız haqda nə deyə bilərsiniz?

- Bu haqda danışmaq istəmirəm. Çünki bu mövzuda danışmaqdan xoşum gəlmir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...