Gənc ifaçıdan növbəti yenilik

Xalq artisti Flora Kərimovanın duet ortağı, gənc müğənni Rövşən Civişovdan xəbər var. SİA-nın verdiyi xəbərə görə, ifaçı yeni mahnı ilə pərəstişkarlarını sevindirib. "Bəxt ulduzum" adlı mahnının sözləri Camala, musiqisi Esmiraldaya, aranjemanı isə Azad Vəliyevə məxsusdur.

Rövşənin sözlərinə görə, o, yeni mahnısına Türkiyənin məşhur rejissoru tərəfindən klip çəkdirmək istəyir. Özü də təklif rejissorun özündən gəlib və klip təmənnasız çəkiləcək: "Məşhur Türk ifaçı Teomanın "Bayraqlar" adlı mahnısını ekranlaşdıran rejissor Efe Doğan mahnımı dinləyib və şəxsi istəyi ilə ona klip çəkəcəyini söyləyib. Efe hətta deyir ki, İstanbul körpüsünü belə bağlatdırıb çəkiliş aparacaq. Təmənnasız çəkilən klip yay aylarına qədər hazır olacaq".

Rövşən hətta onu da açıqlayıb ki, yenicə hazır olan və işıq üzü görən mahnı artıq mükafata layiq görülüb: "Bu yaxınlarda Bolqarıstanda 21 ölkə arasında keçirilən müsabiqədə iştirak etdim və məhz bu yeni mahnımla müsabiqənin ən nüfuzlu mükafatına layiq görüldüm. Mahnını bəyənən münsiflər heyəti mənə "ən istedadlı, uğurlu və orijinal mükafatı" təqdim etdilər".

Rövşən onu da qeyd edib ki, yenilikləri tək bununla bitmir. O, solo albomu üzərində çalışır. Gələn həftə isə fərqli fotosessiyaya imza atacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə