“Pırlantalı gecələr”in özəl tərəfləri

“Pırlantalı gecələr”in özəl tərəfləri

Azərbaycanın xalq artisti, məşhur estrada müğənnisi Brilliant Dadaşovanın Türkiyənin TMB telekanalında yayımlanan "Pırlantalı gecələr" verilişinin bu həftəki qonağı qardaş ölkənin sevilən müğənnisi Celik oldu. SİA-nın məlumatına görə, veriliş çox maraqlı, tamaşaçıları ekrana bağlayacaq söhbətlə başladı. Celikin "yazib, yaratmaq ücün eşqə düşmək lazımdır" fikrini peşəkar aparıcı tez tutdu. Və "Necə dəfə eşq yanğınız musiqiyə dönüb?" sualını qonağına ünvanladı. Çelik gülərək vəziyyətdən cıxmağa çalışdı və indiyədək 300-ə yaxın mahnı yazdığını dilə gətirdi...

Evlilik həyatından danışan Celik bundan sonra evlənməsi üçün yenidən sevməsi gərək olduğunu bildirdi və artıq siması gözəl olana deyil, ağlı gözəl olanla həyat qura biləcəyini dilə gətirdi.

Əksər müğənnilərimiz Türkiyəyə gedəndən sonra osmanlı türkcəsindən çox istifadə etməsinin ölkəmizdə narahatlıq yaratdığı sirr deyil. Hamının bu məsələdən gileyləndiyi halda Brilliant xanımın nitqində bizim sözlərdən istifadə etməsi və qonaqlarına da bunu təlqin etməsi də təqdirəlayiqdir.

Onun Türkiyədə anonim oxunan Azərbaycan mahnılarının müəllifləri, ilk ifaçıları haqqında geniş məlumat verməsi isə musiqi mədəniyyətimizin tanınmasında xüsusi rola malikdir.

Türkiyə teleməkanında geniş yayılmasına baxmayaraq verilişə gələn qonaqlar fonoramla deyil, canlı ifaları ilə çıxış edirlər. "Pırlantalı gecələr"in musiqili qonaqları isə musiqicilərin müşayəti ilə mahnılarını ifa edirlər ki, bu da ekran qarşısındakı tamaşaçını çoşdurur.

"Pırlantalı gecələr" verilişi çox baxımlı olur. Brilliant xanım qonağının yaradıcılıgını yaxşı bildiyindən, həm musiqinin incəliklərinə bələd olduğundan 2 saat su kimi axıb gedir.

Veriliş boyunca Brilliant xanım qonağının repertuarından duet mahnılar da ifa etdi. Bu arada Brilliant xanımın verilişinə dəvət etdiyi və digər türkiyəli müğənnilərin repertuarındakı mahnıları bu qədər mahir ifa etmək qabiliyyətinin olduğunu da xüsusi vurğulamağa dəyər.

Onu da qeyd edək ki, azərbaycanlı tamaşaçılar Brilliant xanımın aparıcılıq qabiliyyətinə yaxşı bələddirlər. O 5 il "Gözəllik dünyanı xilas edəcək" verilişində canlı olaraq aparıcılıq edib. Sözsüz ki, beynəlxalq bir kanalda Brilliant xanımın bu qədər sərbəst, səmimi, pozitiv görünməsi azərbaycanlı tamaşaçılara xüsusilə qürurvericidir. Brilliant Dadaşova türk musiqi mədəniyyətini təmsil edən MB kanalında Azərbaycan musiqisini, dilini, tarixini, adət-ənənələrini, xüsusi incəliklə təbliğ edir. Brilliant xanımın Azərbaycanın musiqi səfiri missiyasını belə uğurla davam etdirməsi sevindiricidir.

Onu da vurğulamaq yerinə düşər ki, türkdilli ölkələrdə yayımlanan veriliş bir neçə buraxılışdan sonra kifayət qədər böyük tamaşaçı auditoriyası toplayıb. Çünki Brilliant xanım türk musiqi sevərlərinin nəbzini tuta bilib. O verilişinə türk dünyasında çox sevilən sənətçiləri dəvət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə