Səməd Səmədovun böyük planları

Artıq 30 ilə yaxındır "Qismət" qrupuna rəhbərlik edən xalq artisti, "Toylar kralı" Səməd Səmədov 2013-cü ilin ilk günlərində bir çox yeniliklərə imza atıb. SİA-nın məlumatına görə, o, söz və musiqisi Elşən Nicata, oranjemanı Rəşada məxsus olan "Təbrikə gəlmişəm" adlı mahnını lentə aldırıb və fevral ayında adıçəkilən mahnıya klip də çəkdirəcək.

Daha bir mahnı isə Xanım İsmayılqızındandır. Sözləri İftixar Piriyevə məxsus olan "Sən demə yaşın fərqi var imiş" adlı mahnıya da xalq artisti qışın sonlarında klip çəkdirmək fikrindədir.

Eyni zamanda sənətkarın artıq 2 ilə yaxındır yaratdığı 3 gəncdən ibarət "Qismət" vokal qrupu Səməd Səmədov və Könül Kərimova ilə birlikdə yeni mahnı ifa ediblər. "Toylar kralı" bu mahnının tamaşaçılar tərəfindən seviləcəyini əminliklə söylədi. O, qeyd etdi ki, "Qismət" vokal qrupu sözləri Zəlimxan Yaquba, musiqisi Aydın çobanoğluna məxsus olan "Səyyadi" aşıq mahnısını aşıq Telli ilə bərabər duet olaraq ifa edəcək və böyük maraqla qarşılanacaq.

Bahar fəslində mahnıya İsmayıllı rayonunda klip çəkiləcək. Klipin rejissoru Faiq Kərəmoğlu olacaq. Eyni zamanda qrup üzvləri olan Tural, İlqar və Rinat Səməd müəllimin ifa etdiyi köhnə mahnılara da müraciət ediblər. "Bu qızların telinə bax" , "Ay mənim arzu qızım" , " Gözlər-gözlər" mahnıları yeni oranjemanda qrup üzvləri tərəfindən ifa olunacaq. "Bu qızların telinə bax" mahnısını isə tezliklə Faiq Kərəmoğlu ekranlaşdıracaq.

"Aşıq Telli ilə duet oxumaq ideyası Səməd muəllimdən gəldi" deyən Qismət vokal qrupunun gəncləri xalq artistinə böyük hörmətlərindən və sadiqliklərindən də söz açdılar: "Biz Səməd müəllimin etimadını hər zaman doğrultmağa çalışırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə