Zaur Baxşəliyev nələr vəd edir?

Artıq 2 ildir ki, hər həftənin cümə günü, "Azad Azərbaycan" telekanalında böyük maraqla izlənən "Tanıdım səni" layihəsi yayımlanır. Layihənin aparıcısı Zaur Baxşəliyevdən "Tanıdım səni 2" yarışmasını həvəslə izləyən tamaşaçıları önümüzdəki günlərdə nə gözlədiyini xəbər aldıq. SİA-ya açıqlama verən aparıcının sözlərinə görə, bu gün axşam saat 22:00-da ATV-də canlı olaraq yayımlanacaq verilişdə "Tok insan" kimi tanınan Azər Kazımovun (Biləsuvar), VI hissi qüvvətli olan Məryəm Bağırovanın (Sumqayıt), qeyri-adi səsə malik olan Hürü Məmmədova və Mehdi Məmmədovun (Ağcabədi), Cahangir Əliyevin (Lerik rayonu), Murad Kərimzadə (Tərtər) və Elbəy Etibarlı (Qobustan) kimi ifaçıların, Kənan Cəfərov (Neftçala) və Minayə Şirinova (Ağcabədi) kimi musiqiçilərin, Qusardan seçilən rəqqasların, Biləsuvardan seçilən idmançıların və digər iştirakçıların çıxışını izləyə biləcəksiz.

Layihənin aparıcı-münsifi Zaur Baxşəliyev onu da qeyd etdi ki, bu gün həmin istedadlar xalq artisti Faiq Ağayevin, əməkdar artist Elza Seyidcahanın və milyonlarla izləyicinin qarşısında öz bacarıqlarını nümayiş etdirəcəklər.

Artıq neçə illərdir ki, ən reytinqli layihələrə aparıcılıq edən Zaur Baxşəliyev və əməkdar artist Elza Seyidcahan layihə boyu Azərbaycanın 22 şəhər və rayonunda, müxtəlif bölgələrdə çəkilişlər edib, yaradıcı insanları axtarıb, onların istedadları ilə tanış olublar. Sonra həmin iştirakçılar Bakıya dəvət olundular. Onlar tanınmış sənətkar-münsiflərin qarşısında çıxış ediblər. Həftə boyu istedadlarını nümayiş etdirən iştirakçılar arasından "yaxşıların yaxşısı" seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə