Vokal ifaçı: “Açıq geyinmək mənim tərzim deyil”

Vokal ifaçı: “Açıq geyinmək mənim tərzim deyil”

Daim öz üzərində çalışan vokal ifaçısı Lətifə Soyuöz geyim tərzindən söz açıb. Kübarlığa üstünlük verən Lətifə SİA-ya açıqlamasında xarici görünüşünə xüsusi önəm verdiyini dilə gətirib: "Baxmayaraq ki, bədən ölçülərim bir az böyükdür, ancaq mən hər zaman özümə yaraşan paltarları geyinməyi üstün tuturam. Düşünürəm ki, səhnədə olan qadın müğənnilər bir az kübar olmalıdır. Axı tamaşaçıların könlünə tək musiqi ilə deyil, geyimlə də oxşamalısan. Uzun və gecə libaslarını daha çox sevirəm".

Opera sahəsində fəaliyyət göstərən Lətifə həyat yoldaşının onun geyimlərinə müdaxilə etməməsini də gizlətmədi: "Dəniz heç bir geyimimə etiraz etmir. Yəqin buna səbəb mənim nə geyindiyimi yaxşı bildiyimdir. Çünki mən özüm libaslarıma qarşı çox diqqətliyəm. Geyimimdə heç bir problem olmadığı üçün onunla bu mövzuda mübahisələrimiz yaranmır. Məsələn, mən uzun libasdayamsa dekolte geyinməyim problem yaratmır. Ancaq əgər mini ətək geyinmişəmsə, gərək dekoltem olmasın. Həm mini, həm də dekoltem bir arada olsa yoldaşımla problem yaşayaram. Bu heç mənə də xoş olmaz. Özümü narahat hiss edərəm. Açıq geyinmək mənim tərzim deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə