İlin “Yabancı” müğənnisindən gələn “Salam” YENİLƏNİB

İlin “Yabancı” müğənnisindən gələn “Salam” YENİLƏNİB

Mətbuat konfransı olduqca maraqlı anlarla yadda qaldı. Ramal mərasimə toplaşan jurnalistlərin əhvalının yaxşı olması üçün zarafatlarından da qalmadı: "Tez-tez deyim ki, yadımdan çıxmasın, bura mənim klip təqdimatıma toplaşmısız. Dedim birdən unudarsız"-deyən müğənni konfransda iki qardaşı və bibisi oğlu, müğənni Mirkamil Mirkamilovla qatılıb. Yeri gəlmişkən, Mirkamil Ramalın sözü gedən klipində rol alıb.

"Sağ olsun Qənirə xanım, bu cür hikmətli sözləri mənə təqdim etdi. Çox ağır və düşündürücü mahnıdır. Bundan sonra da bu cür mahnılara müraciət edəcəm. Daha çox estrada sahəsində tanınsam da, dini mövzulara toxunmağı da unutmaq istəmirəm" -deyən Ramal klipi təqdim olunan "Salam olsun" mahnısının Türkiyədə mükafata layiq görüldüyünü qeyd edib: "Yenə də Qənirə xanımın dəvəti ilə qardaş ölkəyə yollandım və onlar tərəfindən ilin "Yabancı" mükafatını aldım. Onu da bildirim ki, bu mahnını türk dilinə çevirib, oxumaq fikrim də var".

Ramal onu da qeyd etdi ki, 2013-cü ildə konsertlə yanaşı solo albom üzərində də çalışır: "Bu il yaradıcılığımda dayanmaq yoxdur. Məhsuldar işləməyi qarşıma məqsəd qoymuşam. 2010-cu ildə həyata keçirmədiyim işləri bu il edəcəm, Allahın köməkliyi ilə".

15:42

Azərbaycan estradasının ən istedadlı üzvlərindən olan, bəstəkar-müğənni Ramal İsrafilov hazırda media nümayəndələrini başına toplayıb, çəkdirdiyi "Salam olsun" adlı klipini təqdim edir. SİA-nın məlumatına görə, sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi Ramalın özünə məxsus olan mahnıda Allaha olan sevgidən bəhs edilir. Klipə ekran həyatı verən rejissor Ceyhun Kərimov da ərsəyə gətirdiyi sujet xəttində bunu qabarıq şəkildə təqdim edib.

Mətbuat konfansında iştirak edən müğənni jurnalistlərin suallarına da dolğun cavablar verib. Ramal Allaha bəslədiyi sevgidən söz açıb: "Hər bir insanın daxilində Allaha sevgi olmalıdır. Əgər bu olmasa, yaşamağın nə mənası var? Allah hər birimizi qorusun. Qurban olum onun hikmətinə".

Rejissor Ceyhun Kərimov da ərsəyə gətirdiyi iş haqqında danışmağı özünə borc bildi: "Bu mövzuda klip ərsəyə gətirmək məsuliyyət tələb edirdi. Çünki burada tək müğənnini deyil, həm də içində böyük Allah sevgisi olan bir insanı göstərmək lazım idi. Ramal öz işinin öhdəsindən gəldi. Əgər o bu hissləri yaşamasaydı, bu cür peşəkarlıqla da onu tamaşaçılara çatdıra bilməzdi".

Nəzərinizə çatdıraq ki, təqdimat mərasimində millət vəkili Qənirə Paşayeva üzürlü səbəbdən iştirak edə bilməyib. Ancaq sənətçinin bugünki tədbirinə biganə qalmayıb, onu göndərdiyi gül dəstələri ilə təbrik edib.

Onu da qeyd edək ki, mətbuat konfransının yeniliyi tək bununla bitmədi. Məlum oldu ki, Ramal artıq yeni prodüsseri ilə iş birliyinə başlayıb. Belə ki, uzun illərdir xalq artisti Səməd Səmədovla çalışan, peşəkar prodüsser Rövşən Cəfərovun bundan sonra Ramalın da fəaliyyətində öz dəstixətti olacaq.

Sözügedən klipi isə ilk olaraq SİA oxucularına təqdim edirik:

Mərasimdə baş verən ən maraqlı anları təqdim etdiyimiz fotosessiyada izləyə bilərsiz:

Foto: Artur Abdullayev

Bütün xəbərlər Facebook səhifəmizdə