“Vida” etmədən öncə “Əlvida” deyən Faiq Ağayev prinsiplərindən keçmir

100% F.A bu dəfə də məsələyə özünəməxsus ustalıqla yanaşdı
“Vida” etmədən öncə “Əlvida” deyən Faiq Ağayev prinsiplərindən keçmir

Azərbaycanın xalq artisi, tanınmış estrada müğənnisi Faiq Ağayev dinləyicilərinə yeni mahnı təqdim edib. SİA-nın məlumatına görə, Cənab Qızıl Şlyager "Vida" adlı konsert öncəsi "Əlvida" adlı mahnısını üzə çıxarıb.

Sözləri Vəfaya, musiqisi Nailə Mirməmmədliyə məxsus mahnı xalq artistininin fanatlarını da təşvişə salıb. Eyni sual üzərində düşünən hər kəs müğənninin hansı addım atacağını gözləyir.

Həqiqətənmi Faiq Ağayev səhnədən gedir yoxsa, bu piarın bir növüdür? Axı şəhərin az qala hər addımında gözümüzə görünən "Vida" konsertinin anonsları tamaşaçıların da fikrini yayındırıb. Bəli, "Faiq Ağayevin sonuncu konsertinə mütləq getmək lazımdır" deyən insanlar Heydər Əliyev Sarayını düz dörd dəfə doldura biləcək qədərdirlər.

1988-ci ildə peşəkar səhnəyə gələn və bu günə qədər keyfiyyət göstəricisi olan Faiq Ağayev "Nöqtəni zamanında qoymaq gərək" deyib 25 il ərzində səslənən mahnılarını tamaşaçılaramı etibar edir?

Bəs ağıllı olduğu qədər də səmimiyyət nümayiş etdirən sənətçi bu haqda nə düşünür? SİA-ya açıqlama verən xalq artistinə baş verənlərin həqiqətənmi "Vida" olduğu barədə sual verdik. "100%F.A" bu dəfə də məsələyə özünəməxsus ustalıqla yanaşdı: "Mən bu suala cavabı yalnız konsertə açıqlayacam. Hər gün, son mahnıdan öncə, İnşallah. Bu sirri heç mətbuat konfransında da dilə gətiməyəcəm. Mən hər bir işimdə müəyyən prinsiplərə riayət edirəm. Bu da, çox vacib və həssas məqamdır. Öncədən açıqlasam, heç bir effekti qalmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə