Təyyarəyə gecikən Röya: “Qayıdacam!”

Müğənni onu həzm edə bilməyənlərə nə dedi?
Təyyarəyə gecikən Röya: “Qayıdacam!”

Məşhur müğənni, estrada ulduzu Röya Ayxan yenidən vətəni tərk etdi. SİA-nın məlumatına görə, bu səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanından İstanbula uçan Röya az qala təyyarəyə gecikirdi. Buna baxmayaraq, müğənni bizə vaxt ayırıb, ayaqüstü bəzi suallarımızı da cavablandırdı:

- Bilirik, işləriniz çoxdur. Nə yaxşı vaxt edib, vətənə gəldiz?

- Oğlum üçün darıxmışdım. Ailəmin yanına gəlməli idim. Ancaq orada hələ görüləsi işlərim var. İndi gedirəm, onları da bitirim.

- "Göndər" adlı klipiniz yenicə təqdim olunub. Bəs növbəti səfərinizin məqsədi nədir?

- Orada bir çox proqramlara çıxmalıyam. Hətta bura gəldiyim üçün bəzilərini təxirə də saldım. Sabah və sonrakı günlərdə bir neçə verilişdə qonaq olacam. İşlərimiz hələ çoxdur.

- Növbəti mahnını gözləyək?

- Bəli, daha bir mahnı üzərində işləyirəm. Adı "Gəmiçilər"dir. Müəllifi Əflatundur. Daha öncə Burcu Günəşin "Oflaya-oflaya" mahnsını yazmışdı. İnşallah, buna da Türkiyədə klip çəkdirməyə düşünürəm. Mahnının "Göndər" qədər uğurlu olacağına inanıram.

- Nə vaxt yenidən qayıdacaqsınız?

- Yeni ili Bakıda olacam. Bayrama yaxın dönəcəm. Pərəstişkarlarım üçün şaxta babanın hədiyyə çantası qədər sürprizlərim olacaq. Əsas odur ki, bayrama qədər işlərimi səhmana salım. Mən bayramı ailəmlə keçirməyi düşünürəm.

- Uğurlarınıza sevinənlərlə yanaşı, sevinməyənlər də az deyil...

- Bilirsiz, o insanlara qəzəbim də yoxdur. Onlar mənə ancaq stimul verirlər. Qoy danışsınlar! Mən isə irəli gedəcəm. Yayılan şayiələr onlara lazımdır bəlkə, ancaq mən önəmsəmirəm. Daha da irəli gedib, işlərimi görürəm. Azərbaycanı tərk edən kimi başladılar danışmağa, müxtəlif şayiələr yaymağa. Ancaq bunlar heç biri doğru deyil. Ailəmdə, yaradıcılığımda və səhhətimdə hər şey qaydasındadır.

Foto müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə