SİA, Emre Aydının Bakı konsertində aparıcılıq etməkdən imtina edən Lider TV-nin tanınmış simalarından biri, teleaparıcı Murad Əzimzadənin sərt açıqlamalarla dolu müsahibəsini təqdim edir.
- Murad, son ana qədər Emre Aydının Bakı konsertinin aparıcısı olaraq sizin adınız çəkilirdi. Səhnəyə çıxmamağınıza səbəb nə oldu?
- Emre Aydın təşkilatçılığın düzgün aparılmamasının qurbanı oldu. Çünki danışıqlar əzəldən düzgün aparılmadı və sonda mənə yalan vədlər verildi. Açıq deyəcəm, konsertin ilk təşkilatçısı Emrenin Bakıya gəlməsinə bir hətə qalmış qeybə çəkildi. Telefonlarına zəng çatmadı. Salam-sağolumuz var deyə adını çəkmək istəmirəm. Ümumiyyətlə, bu konsertdə qarışıq hallar baş verdi. Konserti təmənnasız aparmağıma razılıq verməyimə səbəb Emrenin mənim "İstidir" verilişimə çəkilməsi idi. Qeyb olan birinci təşkilatçı mənə eksklüziv çəkilişi söz vermişdi. Bununla yanaşı, mənə 3 ədəd VİP bilet verməli idilər. Ancaq o da alınmadı. Konsert günü mənə yazdılar ki, qonaqların gəlsin, imkan olsa, yerləşdirərik. Demək belə çıxır ki, mənim həyat yoldaşıma bilet almağa imkanım çatmır? Özümə qarşı çox hörmətsizlik gördüm. Ən başlıcası o idi ki, Emre qaldığı oteldə mənim verilişim üçün 20 dəqiqə ayıra bilmədi? O, verilişimə çəkilməkdən imtina etdi, mən də onu tamaşaçılara təqdim etməkdən.
-Belə başa düşdüm ki, Emrenin ulduz olması sizin üçün o qədər də önəm daşımayıb. O kapriz elədi, siz də eyni cavab verdiniz.
- Bəli, mənim üçün fərqi yoxdur, bu, hansısa türk və ya hansısa dünya ulduzudur. Mənə qarşı hörmətsizlik olundu, mən də eyni cavabı verdim. Emre komandasının bu addımı həm də yerli mediaya saymamazlıq idi. Çünki nəticə etibarı ilə o, minnətlə maqazin verilişlərinin efirinə çıxdı. Bəlkə də bu olanlardan Emrenin heç xəbəri də yoxdur. Bu həddə gətirib çıxaran təşkilatçılar oldu. Onu da deyim ki, bu konserti aparmağıma mənim yox, onların ehtiyacı var idi. Mən konsertdən bir gün öncə tanınmış teleaparıcı və rejissor Sərxan Kərəmoğlunun dəvəti ilə Moskva şəhərində xalq artistimiz Mələkxanım Eyyubovanın konsertini aparmışdım. Orada bizim dəyərli sənətkarımız Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu verilişimə çəkdim. Axı Emre Aydın Polad Bülbüloğlu statusunda deyil. Mən söz verdiyim üçün konsert günü gecə saatlarında Bakıya qayıtdım. Xüsusi olaraq vurğulayıram, söz verdiyim üçün. Moskvada daha bir neçə gün qala bilərdim, sadəcə verdiyim sözə əməl edən insanlardan olduğum üçün Bakıya gəldim və bütün bu yaşananların qəhrəmanına çevrildim. Düzdür, tərəf kimi heç bir danışıqlarda iştirak etmirdim. Çünki mənim piar işlərimlə məşğul olan dostum həll edirdi söhbətləri. Sonda yekdil qərarımı konserti edəcək ikinci təşkilatçılara açıqladıq və səhnəyə çıxmamaq ən düzgün qərar oldu.
- Konsertdə çıxmamağınıza başqa cür don geyindirənlər də az deyil...
- Hərhalda bizim əlimizdə telefonlara yazılan mesajlar var. O konsertdə aparıcılıq etməyim üçün deyə nə qədər insan mənə telefon açıb. Amma heç kimə cavab verməmişəm. Demirəm ki, mənim hər hansı qonarara ehtiyacım yox idi. Ancaq prinsiplərim hər şeydən önəmlidir.
- Bu konsertdə çox aparıcının adı çəkildi. Sizdən öncə də bir çox seçimlər oldu. Amma əldə etdiyim məlumata görə, yalnız siz sona qədər təklifə yox demədiniz.
- Bir daha təkrarlayıram ki, Emre aydın Lider TV-də yayımlanan "İsidir" verilişimizə eksklüziv çəkilsin deyə razılıq vermişdim. Məndən öncə məşhur həmkarım Nanə Ağamalıyevaya təklif olunub. O da haqlı olaraq yaxşı miqdarda qonorar tələb edib. Ardınca Günay Firuddinqızına da deyiblər. Günay xanım öncə razılıq verib, sonra yenə də qonararda müəyyən ortaq məxrəcə gələ bilmədikləri üçün, o da imtina edib. Mənə verilişim daha önəmli olduğu üçün təmənnasız idarə etməyə razılaşmışdım. Çəkilişin alınmamasını görüncə piar işləri görən dostum da hansısa məbləğ irəli sürmüşdü. Amma mənim imtina etdiyimi görüb, ümumiyyətlə pul söhbətini aparmadı. Əsl gerçək bax budur.
- Siz imtina etdiniz, ancaq səhnə aparıcısız qalmadı. Buna münasibətiniz necədir?
- Çox normal. Konserti idarə edən aparıcı Arzu Əsgərovanı çox bəyənirəm. Gözəl xanım və gözəl aparıcıdır. Bildiyim qədərilə, konserti də gözəl idarə edib. Ramin də işini bilən aparıcıdır. Mən ona uğurlar arzu edirəm. Biz qardaşıq!
- Bundan sonra hər hansı bir təklifi qəbul etmədən öncə daha diqqətli olacaqsınız yəqin?
- Bəli, bundan sonra mən birbaşa təşkilatçılarla danışmaq istəmirəm. Göründüyü kimi, yalançı vədlər çox olur. Puldan söhbət getmir. Kiməsə icazə vermərəm ki, mənim səmimiyyətimdən, əlaqələrimdən istifadə etsin. Ona görə də mənim işlərimi görən dostumla əlaqə saxlanılacaq və onunla məsləhətləşdikdən sonra hansısa təklifləri dəyərləndirə bilərəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB