Azərbaycanlı müğənni Türkiyədən təklif alıb

Azərbaycanlı müğənni Türkiyədən təklif alıb

Tanınmış ifaçı İlahə İbadovanın sənətinə Türkiyədə maraq yaranıb. Bir müddət əvvəl mahnılarını aranjeman üçün Türkiyəyə göndərən sənətçinin ifası studiya rəhbərliyi tərəfindən bəyənilib. Rəhbərlik ona əməkdaşlıq təklifi göndərməklə səsinin məlahətinin qonşu ölkədə də eşidilməsini tövsiyə edib.

Xanəndə təkliflə bağlı mövqeyini SİA-ya açıqlayıb: "Əvvəla onu bildirim ki, mahnılarımın Türkiyədə aranejeman olunmasına vasitəçi İsmayıl Dadaşov olub. Studiya rəhbərliyi, əməkdaşları çalışdıqları sənətçini daha yaxından tanımaq üçün küliyyatını dinləyiblər. Bəyəndikləri üçün bir yox, bir neçə dəfə təklif aldım. Onlar əməkdaşlıq nəticəsində pul qazanmaq deyil, səsimin Türkiyədə eşidilməsinə maraq göstərirlər. Mən isə düşünməliyəm. Burada qurduğum karyeranı dayandırıb, yenidən Türkiyədə sıfırdan başlamaq risk tələb edir. Bu əməkdaşlıq hansısa variantda yəqin ki, baş tutacaq".

İlahə aranjeman olunan mahnılarının tamamlanmağa doğru getdiyini bildirdi. Növbəti mərhələdə mahnılar albom şəklində təqdimatdan sonra satışa çıxarılacaq.

Xatırladaq ki, İlahə İbadovanın Taleh Ələsgərli ilə ifasında ekranlaşdırılan "Qonşu qız" klipi yaxın həftələrdə yayıma buraxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə