“Həyat yoldaşım bilsə, qiyamət qopar” MÜSAHİBƏ

“Qızımın erotik rolda oynamağına.....
“Həyat yoldaşım bilsə, qiyamət qopar” MÜSAHİBƏ

Kinorejissor Eldar Məmmədovun müsahibəsini SİA oxucularına tədim edirik:

- Sizi Özbəkistanda kifayət qədər tanıyırlar. Azərbaycan oxucularına da özünüz haqda məlumat verin.

- Mən Eldar Məmmədov Azərbaycanda dünyaya gəlmişəm. Əsgərliyim isə Özbəkistanda keçib. Sonra orada özbək qızı ilə tanış olub ailə həyatı qurdum. Bakıda bir neçə il yaşadıqdan sonra isə Özbəkistana gedib işə düzəldim. Daha sonra isə Moskvada operatorluq fakultəsinə daxil oldum. 2007-ci ildə Özbəkistanda "Ramsel" adlı xüsusi studiya açdım. Bu studiyanın adı oğlum Raminlə qızım Sevincin adı ilə bağlıdır. Sözügedən studiyada bu vaxtadək 7 bədii və 20-dən artıq sənədli film lentə alınıb. Onu da deyim ki, bu yaxınlarda qızım kino fakultəsini bitirdi. Bir sözlə, qızım da mənim yolumu davam etdirir.

- Bayaq söylədiniz ki, qızım da mənim yolumu davam etdirir. Ancaq bir çox məhşurlar övladlarının onların yolunu davam etdirmələrini istəmirlər. Bəs siz nə əcəb icazə vermisiniz ?

- O, uşaqlıqdan mənim çəkilişlərimdə iştirak edirdi. Hətta 2 filmdə kiçik rolları var. Çəkilişlərdə olanda onda həvəs yaranıb. Yoxsa mən onu heçnəyə məcbur etmirəm.

- Bilirsiniz də, bəzən kinolarda erotik səhnələr də olur. Qızınıza bu cür təklif gəlsə razı olarsız?

- Heç vaxt imkan vermərəm. Eyni zamanda da Özbəkistan müsəlman ölkəsidir.

- Rejissor kimi Azərbaycan kinosu ilə Özbəkistan kinosunu müqayisə etdikdə hansı üstünlüyü görürsünüz?

- Mən əvvəlki Azərbaycan kinolarına baxmışam. Onlar çox gözəl idi. Müstəqillik qazandıqdan sonra çəkilən filmlərin heç birinə baxmıram.

- Səhnəyə yeni addım atan aktrisa və aktyorların oynadığı rollardan razısınız?

- Azərbaycanda aktyorların sayı çoxdur. Burda mənim aktyor dostlarım var. Onlardan mənə ən yaxını Tahir Qasımovdur. Hazırda Lider kanalında seriala çəkilir. Dünən çəkilişlərdə mən də iştirak etdim. Əlbəttdə, yaxşı ssenari olsa rollar da yaxşı alınar.

- Bəs, azərbaycanlı rejissorlardan və klipmeykerlərdən kimləri tanıyırsınız?

- Oqtay Mirqasımov, Kənan Məmmədov, Tofiq İsmayılov, Arif Babayev və başqalarını tanıyıram. Onu da deyim ki, o vaxt tanıdığım rejissorların əksəriyyəti indi fəaliyyət göstərmir. Cavan klipmeykerlərdən heç kimi tanımıram. Ancaq kliplərini televiziya məkanlarından izləyirəm. Mən özüm də klip çəkirəm. Burdakı kliplərin bizim kliplərdən üstün cəhətləri də var. Mənə əsasən gənclər müraciət edir.

- Kino çəkmək asandır yoxsa klip?

- Burada heç bir çətinlik yoxdur. Klipin özü də kiçik bir filmdir. Kilipdə də mövzu və sujet xətti olur. Klipin çəkilişi az, montajı isə çox vaxt tələb edir.

- Bəs sizə kino yaxındır yoxsa klip?

- Mən ən çox kino çəkəndə ləzzət alıram. Montaj, musiqi, səsləndirmə prosesi klip çəkilişlərindən daha maraqlıdır.

- Azərbaycanlı müğənnilərdən kimlərə klip çəkmək istərdiniz?

- Vasif Məhərrəmli, Namiq Qaraçuxurlu, Aygün Kazımova, Röya Ayxan, Könül Kərimova, Zülfiyyə Xanbabayevaya klip çəkmək istərdim.

- Sadaladığınız müğənnilərdə sizi cəlb edən nədir?

- Həm xarici görünüşləri gözəldir, həm də sərbəstdirlər. Mənə elə gəlir ki, onlarda oxumaqla yanaşı aktyorluq bacarığı da var.

- Aygün Kazımovaya hansı rolu yaraşdırardınız?

- Xarici görünüşü imkan verir ki, hansısa xarici vətəndaş rolunda çəkilsin. Amma onun meyxanaçı Namiq Qaraçuxurlu ilə milli geyimdə olan klipini gördükdən sonra əmin oldum ki, ona milli geyim də yaraşır.

- Bəs, Röya Ayxana?

- Bu rollar insanın xarakterindən asılıdır. Mən onlarla tanış deyiləm, amma hamısı gənc və gözəldir. Əminəm ki, yaxşı rollar oynaya bilərlər.

- Hansı müğənnini qatil rolunda görürsünüz?

- Heç birini. Sənət adamını elə rolda görmək olar? Onlar incə insanlar olur. Ona görə də, onlara bu rol yaraşmaz.

- Bilirsiniz ki, Azərbaycanda kinorejissorlar çoxdur. Onlardan kimi özünüzlə müqayisə edirsiniz?

- Mən müqayisə edə biləmərəm. Mənim işimlə hansısa kinorejissorun işinə baxan tamaşaçı müqayisə edə bilər.

- Özbəkistanda film çəkilişləri nə yerdədir?

- Hazırda Özbəkistanda 50-dən artıq xüsusi studiyalar var. Hər həftə yeni bir film ekran üzü görür. Tamaşaçıların əksəriyyətini gənclər təşkil edir. Mən bir ildə 2-3 film çəkirəm.

- Azərbaycandakı teatrlara getmisiniz?

- Bu yaxınlarda Nizami kinoteatrına getmişdim. Çox gülməli vəziyyət idi. Çünki zalda cəmi 5 adam var idi. Ancaq Özbəkistanda zalın hamısı dolmasa da yarısından çoxu dolu olur.

- Şəxsi həyatınızda gizli saxladığınız sirriniz var?

- Bəli var. Çoxlarının bilmədiyi Lalə adlı bir qızım var. Hazırda Moskvada yaşayır. O, Azərbaycana gələrkən bir film çəkmişdik. O filmdə baş qəhrəmanın rolunu mənim kiçik yaşlı oğlum, şərab paylayan qızı isə başqa xanımdan olan qızım Lalə oynadı. Bu sirrimi indiyənə kimi çox adam bilmirdi.

- Həyatınızda həyat yoldaşınızdan başqa xanım olub?

- Əlbəttə olub. Onu mənimlə hansısa kinoda çəkmək üçün tanış etmişdilər. Ancaq o xanım həmin kinonun çəkilişləri üçün yaramadı. Şəxsi həyatda onunla ünsiyyət qurdum, hazırda da münasibətimiz davam edir. Onu da deyim ki, həyat yoldaşım bilsə böyük qiyamət qopar.

Xanım Nağıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə