Bu da türkiyəli sənətçini Azərbaycana gətirən klip YENİLƏNİB

Bu da türkiyəli sənətçini Azərbaycana gətirən klip YENİLƏNİB

Xəbər verdiyimiz kimi, dünən tükiyəli sənətkar Ümit Sayın və azərbaycanlı müğənni Zarina Məmmədovanın "Kader utansın" adlı klipinin təqdimatı olub. SİA-nın məlumatına görə, adıçəkilən kliplə yanaşı Zarina media nümayəndələrinə daha bir yeniliyini təqdim edib. "Doğum günüm" adlı klip Zarinanın ad gününə çəkilsə də müğənni ani qərar verərək bu klipi də təqdim edib: "Əslində bu klipi ad günümdə təqdim etməyi düşünürdüm. Amma hər kəsi bura topladığım üçün bu yeniliyimi gizlədə bilmədim. Düşünürəm ki, ad günümdə yeni bir kliplə qarşınıza çıxsam daha yaxşı olar. Klipdə olan bəzi görüntülər mənim "İphone" telefonumla çəkilib. Klipin rejissoru Kamal Başbuğ belə məsləhət görüb. Telefonla olan görüntülərdə mənim guya yaşadığım xatirələr əks olunub".

Gecənin əsas qonağı olan Ümit Sayın da jurnalistlərin bəzi suallarına cavab verib: "Zarinanın güclü səs imkanları ilə yanaşı, gözəl ürəyi var. Bakıda olduğum bir neçə gün ərzində mən canlı olaraq bunun şahidi oldum. Zarina "Kader utansın" mahnısını illər öncə təqdim etdiyim Aşkın Nur Yengidən də yaxşı oxuyub. Zarina mahnının tam original variantını ifa edib. Aşkı Nur Yengi isə bəzi sözlərdə dəyişiklik etmişdi. Amma bu mahnını üçüncü nəfər oxumayacaq. Sizin qarşınızdayam deyə söyləmirəm, Zarinanın səliqəli, özünəməxsus ifası var. Əminəm ki, bu duetimiz ona uğur gətirəcək. Mahnının Türkiyə şou-biznesinə qoşulması üçün ona kömək etməyə hazıram".

Tədbirin rəsmi hissəsi bitdikdən sonra əyləncəli anlar başlayıb. Təşkilatçı Nahid Eminoğlunun əməyi nəticəsində ərsəyə gələn tədbirdə Zarinanın sayıb-seçdiyi qonaqlar dəvət olunub. Onun uzun illərdən bəri dostluq münasibətində olduğu müğənni Günay İbrahimli, bəstəkar Elçin İmanov, musiqi prodüsseri Asif Kərimov, rejissorlar Elnaz Əbluc, Nail Naiboğlu, gənc müğənni Aytac,prodüsser Təranə Səmədova və digər qonaqlar səbəbkarı təbrik etməyə toplaşıb.

Mərasimi idarə edən teleaparıcı Günay Firuddinqızı hər kəsi salamlayaraq səhnəyə "Aydan" rəqs qrupunu dəvət edib. Möhtəşəm rəqslərdən sonra isə səhnəyə Zarina yol alıb. İfaçı xanım özünün ən məşhur mahnılarını səsləndirdikdən sonra səhnəyə Ümit Sayını çıxıb. "Kader utansın" dueti ilə yanaşı simalar "Ayrılıq" mahnısını da ifa ediblər. Ümit Sayın da öz növbəsində özünün ən yadda qalan ifalarını gecənin qonaqlarına təqdim edib.

Mərasimin ən yadda qalan məqamı isə musiqisi Kamala, sözləri Baba Vəziroğluna məxsus "Gəlsən də, gəlməsən də" mahnısının Zarina tərəfindən canlı ifa edilməsi olub. Adıçəkilən mahnıya vurğun olduğunu dilə gətirən Ümit isə ani olaraq səhnəyə çıxaraq sözlərini bilmədiyi mahnını oxumağa cəhd edib. Beləliklə, səhnədə daha bir canlı duet nümayiş olunub.

Mərasimdə baş verən ən maraqlı anları isə təqdim etdiyimiz fotosessiyada izləyə bilərsiz.

23.10.2012 19:03

Son günlər gündəmdən düşməyən Türkiyənin tanınmış müğənnisi Ümit Sayınla azərbaycanlı müğənni Zarina Məmmədovanın çoxdandır gözlənilən klip təqdimatı bu dəqiqələrdə başlayıb. SİA-nın məlumatına görə, paytaxtın dəbdəbəli məkanlarının birinə toplaşan şou-biznes əhli və media nümayəndələri Zarina ilə Ümiti salamlayıb, təqdim olunan klipə baxıblar.

"Kader utansın" adlı klipi təqdim etmək üçün Azərbaycana gələn Ümit Sayın Zarina ilə birgə qonaqları salamlayıb.

Sözləri və musiqisi özünə məxsus olan mahnını Ümit Zarina ilə birgə ifa edib.

Klip olduqca sadə, amma sadəliyi qədər də fərqlidir.

Nəzərinizə çatdıraq ki, gecədə sürprizin olacağı vəd edilmişdi. Sözügedən sürpriz "Kader utansın" klipi ilə yanaşı müğənni Zarinanın Türkiyədə çəkdirdiyi digər "Doğum günü" adlı klipinin təqdim olunması idi. Müğənni adıçəkilən mahnını tək ifa edib. "Doğum günü" mahnısının sözləri Baba Vəziroğluna musiqisi isə Kamala məxsusdur. Klipin yönətməni Kemal Başbuğdur. Klipdə çəkilən oğlan isə Çexiyadan gəlmiş modeldir.

Onu da bildirək ki, "Kader utansın" mahnısının aranjemanı Gürsel Çelikə məxsusdur. Mahnı Zarinanın Türkiyədə işıq üzü görən "Dəlilik" adlı ilk albomunda yer alıb. Klipin rejissoru Kemal Başbuğdur.

Bütün xəbərlər Facebook səhifəmizdə