İki müğənninin “siqaret” qalmaqalı yenidən alovlandı

“Hansı müğənniyə yaraşar ki, ailəsi ola-ola min “oyundan” çıxsın?
İki müğənninin “siqaret” qalmaqalı yenidən alovlandı

Xalq artisi Nisə Qasımova ANS telekanalına qəzəblənərək, "açdı sandığı, tökdü pambığı". SİA-ya danışan sənətkar qəzəbindən məsələyə aidiyyəti olmayan açıqlamalar da verdi. ANS telekanalının "Şoumən" verilişində özünün, ailəsinin və qardaşı oğlu Fətullanın köbüd və ağılasığmaz dərəcədə təhqir olunduğunu dilə gətirən Nisə xanım bu sözləri dedi: "Hamınız bilirsiz ki, mən mətbuatdan qaçmışam. Mənim jurnalistlə danışmağa sözüm olmalıdır. Sözüm olmadığı halda yalandan niyə gündəmə gəlməliyəm? Niyə mən biyabrçı şəkillərlə görsənməliyəm? Əgər mən nə vaxtsa etdiyimin məsuliyyətini daşıyacamsa, niyə ağılagəlməz hərəkətlər etməliyəm? Zeynəb Xanlarova, İlhamə Quliyeva, Flora Kərimova və mənim kimi sənətkarlar bu körpünü qoyub. Bu, sənət körpüsüdür. Axı kimin nə ixtiyarı var ki, sənətkarın qoyduğu körpüləri söksün?".

Nisə Qasımova iki il öncə xalq artisti Brilliant Dadaşova ilə yaşanan qalmaqalı da xatırlatdı. Sənətkar Brilliant xanımın onun siqaret çəkməsinə bildirdiyi kəskin münasibətdən yenidən söz açdı: "Brilliant Dadaşova arıqdır, gözəldir, baxımlı müğənnidir. Mən bütün bunları qəbul edirəm. Ancaq belə misal var- "Öz gözündə tiri görmür, başqasında çöp axtarır". Əgər mənim və mənim kimi bir çox qadınların siqaret çəkməyi cavanları əxlaqsızlığa sürükləyirsə, bəs "salafana" bükülüb klip çəkdirməyə ad verək ? Mən bu sözləri onun üzünə də deyərəm".

Xalq artisti iddia edir ki, Brilliant Dadaşova qadın müğənnilərin siqaret çəkməsinə münasibət bildirdiyi halda heç kimin adını çəkməsə də nəzərində məhz Nisə xanımı tutub: "Hansı müğənniyə yaraşar ki, ailəsi ola-ola min "oyundan" çıxsın? İndi kim istəyir özünə götürsün. Çünki ad çəkməyəcəm. Onun da deyim ki, nə mənim ərim, nə sevgilim nədə sponsorum var. Bir sözlə heç kimlə "gəzmirəm". Alnım açıqdır. Adlarını çəkmək istəməkdiklərim kiminsə sayəsində varlanıb, qürurla yaşaya bilərlər. Ancaq mənim kimi insanlar 40 il daşı-daş üstə qoyub ev tikib. Mən bu sözləri deyəndə utanmıram. Çünki bunları halal zəhmətimlə əldə etmişəm. Bəzi ifaçılar kimlərləsə görüşərək paltar alıb, klip çəkdirir. İndi siqaret çəkmək əxlaqsızlıqdır yoxsa yuxarıda sadaladıqlarım? O, müğənni ilə aramızda olan siqaret məsələsini reklam hesab etmirəm, amma unutmuram da. Sonra deyəcək ki, bununla yenidən gündəmə gəldim. Gündəmə gəlsəydim başqa mövzuları çıxardardım. Bütün müğənnilər şadlıq sarayından içəri başı aşağı daxil olurlar. Ancaq mən hər kəsə salam verərək keçirəm, tanımadığım insanları təbrik edirəm. İndi fərqə baxın, hansı müğənni daha hörmətlidir?"

Xalq artistinin siqaret mövzusunda dediyi son sözləri isə bunlar oldu: "Mən gənclərə deyirəm ki, siqaret çəkməyin. Əgər bu tərbiyyəsizlik hesab olunursa, eybi yox, məni tərbiyyəsiz hesab edin. Axı kim deyib ki, siqaret əxlaq və tərbiyyə ölçüsüdür? Mən mahnımda da oxumuşam- "4 divar və siqaret yeganə sirdaşımdır". Mən bilirəm ki, siqaret mənim ən mənfi cəhətimdir. Amma mən bunu gizlətmirəm. Bəziləri kimi gözdən pərdə asmıram".

Bütün xəbərlər Facebook səhifəmizdə